8 Noyabr – Xalqın Zəfər günü!
Ümummilli lider Heydər Əliyevin uğurlu yolu ilə gedən Ali Baş Komandan İlham Əliyevin yürütdüyü bütün siyasi dövrün strateji hədəfi alınan torpaqların işğaldan azad edilməsi, Azərbaycan Respublikasının suverenliyinin bərpa edilməsi olub. Ordunun güclənməsi, müasir silah-sursat, texnika ilə təmin olunması Azərbaycanın hərbi qüdrətinin artmasına səbəb idi. Azərbaycan iqtisadi üstünlüyə, beynəlxalq nüfuzunun güclənməsinə, dünya arenasında söz sahibi olmasına, region ölkələrinin də maraqlarını təmin etməsinə, aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq və münaqişənin həlli üçün hüquqi bazanın yaradılmasına nail olmuşdu. Lakin illərlə münaqişənin həllində heç bir nəticə göstərməyən danışıqlar prosesi , ermənistanın təxribatçı addımları müharibə üçün zəmin yaratmışdı.
Azərbaycan dövlətinə, millətinə qarşı bitib-tükənməyən kin, əsrlərlə davam edən düşmənçilik, Azərbaycanın müxtəlif bölgələrində törədilmiş qətliamlar xalqımızın yaddaşından silinməyən yara izləridir. Yüzlərlə, minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması, deportasiya olunması, vətən həsrəti bir yana, yeni iqlim şəraitinə uyğunlaşa bilməməsi, aclıq, susuzluq və xəstəliklər səbəbi ilə həlak olması, daha sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi unuda bilməyəcəyimiz tarixi yaddaşımızdır. Milyonlarla vətənindən didərgin salınmış Azərbaycanlı, milyonlarla gözü yaşlı, ürəyi qubar bağlayan məcburi köçkün və qaçqınlardövlətimizin tarixinə, mənəvi irsinə vurulan ağır zərbələr.
Ermənistanın 2020-ci il 27 sentyabr tarixli təxribatları Ali Baş Komandanın əks-hücum əməliyyatının başlanması barədə qərar verməsi ilə nəticələndi. Bu o qərar idi ki, otuz ilə yaxın xalq bu əmri gözləyirdi. Xalqın ordu ilə birliyi 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etməsinə səbəb oldu. Azərbaycan xalqının tarixi qələbəsi təqvimdə qara rənglə qeyd olunan günləri qırmızıya, kədəri sevincə, məğlubiyyəti zəfərə dəyişdi. Qələbə təqvimində Şuşanın işğaldan azad olunması günü Zəfər Günü kimi tarixin şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Rəsmi İrəvanın kapitulyasiya və üçtərəfli bəyanatı imzalamağa məcbur olması, Azərbaycan xalqının 44 gün ərzində öz qüdrətini göstərməsi bütün dünyaya səs saldı. 2020-ci ilin dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı buna parlaq bir nümunə oldu.
Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağımızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı. Biz 30 ilə yaxın ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən müddətdə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri Prezident İlham Əliyevin “Zəfər Yolu” adlandırdığı Şuşaya çəkilən 101 kilometr uzunluğunda olan yoldur. Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir.
Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül” və “Qarabağ” otelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Otel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir.
Prezident İlham Əliyevin qələbə diplomatiyası, müharibə ilə bağlı nitq və çıxışları xarici mediada maraq doğurduğu kimi, hər bir sözü, hər bir fikri xalqın hafizəsində əbədi həkk olundu. Bundan başqa, Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbycan vətəndaşının qüruruna çevrildi. Dəmir yumruq, milli birlik, siyasi həmrəylik Azərbaycan tarixində yeni inkişaf mərhələsinə zəmin yaratdı. Bundan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin əsas missiyası “Böyük Qayıdış” strategiyası ilə öz yuvalarından didərgin düşmüş soydaşlarımızın evlərinə qaytarılması oldu. Müharibə iştirakçılarına, qazi və şəhid ailələrinə göstərilən dəstək, “Yaşat” fondunun yaradılması ilə dövlətin diqqət və qayğısı uğurla davam etdirildi. 15 Oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında üçrəngli Azərbycan bayrağını qaldırması ilə Tam Qələbənin möhürünü vurdu.
Məlikova Günay,
Xəzər rayonu, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli Xüsusi internat məktəbinin müəllimi