AnalitikaGündəmMədəniyyətSiyasət

8 Noyabr– Şuşa Zəfəri

4 il bundan əvvəl, 8 noyabr, 2020-ci ildə  müzəffər ordumuz rəşadəti, inamı, yenilməzliyi və milli ruhuyla  qədim torpağımız  Şuşanı düşmən tapdağından azad etdi.  Bu Vətən müharibəsinin ən parlaq və mötəbər səhifəsidir.  Şuşa Azərbaycan tarixinə görkəmli şəxsiyyətlər bəxş edib, mədəniyyətimizin və incəsənətimizin formalaşmağında böyük rol oynayıb. Şuşa milli mədəni varlığımızın, tarixi yaddaşımızın əsas abidəsidir. Təkcə coğrafi hündürlüyünə görə deyil, həm də mənəvi yüksəkliyinə görə də ucadır, uludur.  İndi Şuşa həm də  Qarabağ zəfərinin tacıdır. Azərbaycan əsgəri zirehli texnikayla silahlanan, mövqeycə hündürlükdə dayanan, illərlə mövqeylərini möhkəmlədən  düşmənin qabağına yüngül silah, yüksək peşəkarlıq və böyük vətən sevgisi ilə çıxmışdı. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu qəhrəmanlıq dastanı, şücaət və qorxmazlığın rəmzini yaratdı.

27 sentyabr, 2020-ci ildə başlayan əks-hücum  əməliyyatı  nəticəsində illərlə düşmən əsarətində qalan torpaqlarımız, dağıdılan, məhv edilən, terrora məruz qalan milli-mədəni sərvətlərimiz Azərbaycan ordusu tərəfindən azad edildi. Hər yeni qələbə, düşmən caynağından xilas olan hər bir qarış torpaq  bizi Şuşanın azadlığına aparırdı. Azərbaycan ordusu milli ruhu, dəmir yumruğu və şəhid qanıyla dünya hərb tarixinə öz zəfər salnaməsini yazdı. Biz bilirik ki, qələbələr təsadüfi qazanılmır. Bunun üçün milli məfkurə, məqsədyönlü siyasi kurs, uğurlu xarici siyasət,  güclü iqtisadiyyat lazımdır. Ümummilli lider Heydər Əliyevin başlatdığı bu yolun layiqli davamçısı,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diplomatik səriştəsi və fəaliyyəti,  həyata keçirdiyi dayanaqlı iqtisadi islahatlar, milli ordu quruculuğu Qarabağ Zəfərini reallaşdırdı.

Şuşada Dövlət bayrağını ucaldan Ali Baş Komandan həm də xalqımızın milli ruhunu, özünəinamını yüksəltdi. Cıdır düzündə yenidən təşkil olunan “Xarıbülbül” musiqi festivalında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünyaya  sülhün və böyük mədəniyyətin tərəfində olduğu mesajını verdi.

İndi Şuşa, eləcə də işğaldan azad olunmuş bütün torpaqlarımız, tarixi –mədəni abidələrimiz, təhsil ocaqlarımız, dini inanc yerlərimiz yenidən bərpa olunur. Şuşanın özünəməxsus siması qaytarılır. Şuşa işğalın izlərini, yaralarını sağaldır. Üzeyir bəyin, Bülbülün ev muzeyləri bərpa olunub, Mehmandarovların malikanəsi yenidən təmir olunub. Xan qızı Natəvanın vaxtilə tikdirdiyi bulağın suyu axır, Vaqifin büstü əvvəlki yerində dayanır.  Təhsilimizdə və maarifimizdə böyük yer tutan Şuşa Realnı Gimnaziyasında əsaslı təmir işləri görülür. Cıdır düzündə Qarabağ atlarının kompozisiyası təşkil olunur. Eyni zamanda, çağdaş dünyanın bütün çağırışlarına cavab verən simpoziumların, konfransların təşkilinə ev sahibliyi edir Şuşa. Artıq Şuşaya böyük qayıdış başlayıb.

Xalqımızın siyasi və mədəni həyatında böyük rol oynayan Şuşa indi müasir və güclü Azərbaycan dövlətinin də əsas mərkəzlərindən birinə çevrilir.  Burada keçirilən qlobal sammitlər, iqtisadi, siyasi tədbirlər, eyni zamanda, dövlət liderlərinin ziyarəti Şuşanın həm də Azərbaycanın  siyasi həyatındakı mövqeyini gücləndirir. Mədəniyyət paytaxtı elan edilən Şuşa sülhün və inkişafın təminatıdır. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünyaya ünvanladığı “Qarabağ Azərbaycandır!” şüarının əsas nidasıdır.

Məmmədova Ruxsarə,
Bakı Slavyan Universiteti, müəllim

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button