AnalitikaGündəmSiyasət

“8 Noyabr” Stansiyasının istismara verilməsi bir çox məqsədləri təmin edəcək.

İyunun 24-də ölkəmizin enerji sektorunda əlamətdar hadisə yaşandı. Mingəçevir şəhərində “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimi keçirildi. Dövlətimizin başçısı sözügedən açılış mərasimindəki çıxışında diqqəti bəzi məsələlərə yönəldərək bildirdi ki, bu ölkələrə çoxsaylı səfərləri nəticəsində bir sıra istiqamətlər üzrə çox gözəl nəticələr əldə edilib. İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır. Çin də ticarət tərəfdaşlarımız arasında qabaqcıl yerlərdədir. İtaliya ilə xüsusilə energetika, xam neft, təbii qaz sahəsində uzunmüddətli və strateji əməkdaşlığa bir neçə il bundan əvvəl başlanılıb. Çinlə isə bu yaxınlarda daha çox bərpaolunan enerji layihələrini birgə icra etməyə başlayırıq. Azərbaycanda bu gün yaradılan yeni Günəş elektrik stansiyalarının təchizatı böyük dərəcədə Çin şirkətləri tərəfindən təmin edilir. Hər iki ölkə ilə Azərbaycanın siyasi əlaqələri də çox yüksək səviyyədədir. Münasibətlərimiz çox gözəl beynəlxalq əməkdaşlıq nümunəsidir.

O qeyd edib ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etməsi həm enerjiyə olan daxili tələbatının ödənilməsində, həm də dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin böyük səyləri nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın bu gününə və gələcəyinə inamı artırdı. Bu inam hazırda regional çərçivədən çıxaraq beynəlxalq miqyas alan əməkdaşlıqda özünün aydın ifadəsini tapır. Ulu Öndər iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməklə bugünkü reallıqların təməlini qoydu. Hazırda Azərbaycanın uğurla inkişaf etdirdiyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafına diqqət yetirsək enerji sahəsində əməkdaşlığın prioritetliyinin diqqətdən kənarda qalmadığını görərik.

Azərbaycanın enerji diplomatiyasının uğurları davamlılığı ilə diqqətdədir. Ötən il Azərbaycanın 200-ə yaxın ölkənin dəstəyi ilə COP29 iqlim konfransına ev sahibliyi etməsi bu sahədə mövcud imkanlarının, təcrübəsinin təqdimatında öz sözünü dedi və yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul oldu. Ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək “8 Noyabr” Elektrik Stansiyasının açılışı da Azərbaycanın gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir. “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu stansiya Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda ölkəmizin elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur.

Son 20 ildə Azərbaycanın energetika sistemi sıfırdan qurulub. Ölkəmizin müxtəlif yerlərində yeni elektrik stansiyaları quruldu. Mingəçevirdə də yenidənqurma işləri aparıldı. 2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasının yenidən qurulmasının təməli qoyuldu. 2020-ci il iyununda burada stansiyaya yeni həyat verildi. Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasının generasiya gücü 1800 meqavat, “8 Noyabr” Stansiyasının gücü 1880 meqavatdır, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur. “8 Noyabr” layihəsinin qısa müddətdə icra edilməsi rekord nəticədir. Dövlətimizin başçısı çıxışında bunu belə əsaslandırdı ki, təxminən 2 min meqavatlıq elektrik stansiyasının inşa müddəti bir neçə il davam edir, elə sovet dövründə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının inşası 1974-cü ildə başlamış, birinci blok 1981-ci ildə istismara verilmişdir. Yeddi ildən sonra 300 meqavat enerji əldə edilmişdir. “8 Noyabr” layihəsinin qısa zamanda uğurla başa çatmasını şərtləndirən əsas amillər mövcud energetika bazamız, təcrübəmiz, Azərbaycan energetiklərinin peşəkarlığı, bilikləri, təcrübələri və beynəlxalq tərəfdaşlarımızın da töhfəsidir.

Dövlətimizin başçısı hər bir çıxışında diqqəti 30 illik işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövrünün reallıqlarına yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının açılışı da bu baxımdan diqqətdə oldu. Torpaqlarımızın uzun illər işğal altında olduğunu, İkinci Qarabağ müharibəsində Ermənistanın nəinki şəhər-kəndlərimizi və yaşayış obyektlərini məqsədyönlü şəkildə atəş altında saxladığını, hətta Mingəçevirə də öz raketlərini göndərməyi unutmadığını önə çəkərək bildirdi ki, məqsəd enerji infrastrukturumuzu iflic vəziyyətinə salmaq idi. Bu əraziyə düşən mərmilər, raketlər də bunun əyani sübutudur. Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir. Ermənistanın hərbi cinayətləri təkcə bununla məhdudlaşmır.

Azərbaycan beş il öncə tarixi Zəfərə imza atdı. Artıq ölkəmiz dünya çapında yeni əməkdaşlıq formatlarının və sülh gündəliyinin müəllifi kimi tanınır, nüfuz qazanır. Şanlı Qələbəmizdən sonra ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı daha da artır. 30 ildən sonra sahibinə qovuşan azad Qarabağ və azad Şərqi Zəngəzur malik olduqları iqtisadi imkanları ilə gələcəkdə Azərbaycanın dayanıqlı inkişafına öz töhfələrini verəcəklər. Bu ərazilərin malik olduqları bərpaolunan enerji potensialı yeni əməkdaşlıq formatlarının yaranmasında mühüm rol oynayır. İstismara verilən “8 Noyabr” Elektrik Stansiyası üçün bu adın seçilməsi də təsadüfi deyil. İlham Əliyev vurğuladı ki, bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim. Çünki bu, şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Bu stansiyanın ömrünün uzun və fəaliyyətinin uğurlu olacağına əminik.

1994-cü ildə “Əsrin müqaviləsi”nin, 2017-ci ildə isə onun davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni səhifələr yazmaqla müxtəlif dövlətlərlə strateji tərəfdaşlığa doğru yönələn yolunu uğurlarla zənginləşdirdi. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam tərkibdə istifadəyə verildi. Azərbaycan malik olduğu təbii resursları daim əməkdaşlığa, dostluğa yönəldir. “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi qurulan növbəti körpünün təqdimatıdır.

Xəzər rayonu, RQasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi
Aytəkin Ağababayeva

Oxşar Xəbərlər

Back to top button