AnalitikaGündəmOrduQarabağ və Şərqi Zəngəzur

8 Noyabr-Müstəqil Azərbaycanın şərəf dolu səhifəsi

İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və strateji hədəfi idi. Ölkə başçısı məhz bu hədəfin reallaşdırılması, qorunub saxlanılması üçün siyasi güc və iradə göstərmiş, uzaqgörənliyi ilə 8 Noyabr tarixinin “Zəfər Günü” kimi qeyd olunmasına nail olmuşdur. Buna görə də ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Heç bir ölkədən asılı olmamaq üçün Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması ölkənin hərbi qüdrətini artırdı. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar , mindən çox hərbi təyinatlı məhsul istehsal edildi. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olundu. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradırdı. Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni mənzərə yaratdı. Və nəhayət, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən “Dəmir Yumruq” əməliyyatına başlamışdır.

Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün bütün hüquqi bazanı hazırlamışdı. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏT-in Minsk Qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdı. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.

Tarixə nəzər salsaq görərik ki, hələ XIX əsrin əvvəllərində çar Rusiyası Araz çayından şimalda yerləşən Azərbaycan xanlıqlarını işğal etdikdən sonra bölgənin etnik mənzərəsini dəyişdirib öz dayaqlarını möhkəmləndirmək üçün bütün XIX əsr boyu İrandan və Türkiyədən 1 milyondan çox ermənini Cənubi Qafqaza köçürmüşdür. Bölgənin demoqrafik mənzərəsinin dəyişdirilməsi ilə yanaşı, erməni dini-ideoloji ekspansiyasına da rəvac verilmişdir. 1836-cı ildə çar hökuməti Qarabağdakı alban xristian kilsəsini erməni kilsəsinə tabe etmişdir. Bundan sonra Eçmiədzin erməni kilsəsi albanların etnik-mədəni irsini, alban ədəbiyyatını və tarixini öz adına çıxaraq mənimsəmişdir.

Azərbaycanlılara qarşı düşmənçilik siyasəti sovet hakimiyyəti illərində də davam etdirilmişdir. Ermənistan ərazisində qalan, ata-baba torpaqlarında elliklə yaşayan yüz minlərlə azərbaycanlıya muxtariyyət verilmədiyi halda, Azərbaycan ərazisində ermənilər üçün qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti” təşkil edilmişdir. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948–1953-cü illərdə Ermənistandan yüz minlərlə azərbaycanlının deportasiya edilməsinə nail olmuşlar. Azərbaycanlılara qarşı kəskin mənəvi təcavüz kampaniyası aparılmışdır. Son yüz ildən artıq dövrdə erməni xalqının bir neçə nəsli milli müstəsnalıq ruhunda tərbiyə edilmişdir. Erməni “alim”lərinin səyləri ilə bölgənin tarixi saxtalaşdırılmış, erməni dövlətinin olmayan tarixi uydurulmuş, Cənubi Qafqazda baş verən hadisələr bilərəkdən təhrif edilmişdir.

Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün Ermənistanın 1988-ci ildə başladığı, 1992-ci ildə isə miqyasını genişləndirdiyi etnik təmizləmə siyasəti və işğalçılıq müharibəsi nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, Ermənistan ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı qovulmuşdur. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan ağır cinayət aktları həyata keçirilmiş, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər qətliam əməlləri törədilmişdir. 1994-cü ilin mayında münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq məqsədi ilə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttində atəşkəs elan olunduqdan sonra Ermənistan rəhbərliyinin bütün fəaliyyəti münaqişənin həllinə deyil, işğalın nəticələrinin möhkəmləndirilməsinə yönəlmişdir. Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə təsdiqləyən və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrə, eləcə də BMT Baş Məclisinin 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnaməsi də yerinə yetirilməmişdir.

Ermənistan rəhbərliyi cəzasız qalmasından istifadə edərək, dəfələrlə sülh prosesini birdəfəlik pozmağa cəhdlər göstərmişdir. Bu məqsədlə 2016-cı ilin aprel ayında, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinə qarşı  təxribatlar törədilmişdir. Həmin təxribatlara cavab olaraq Azərbaycan Respublikasının gördüyü tədbirlər Ermənistan silahlı qüvvələrinin canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarmışdır. Öz təxribatları ilə müharibəni qaçırılmaz edən Ermənisdən 2020-ci ilin sentyabr ayından başlayaraq 44 gün ərzində öz layiqli cavabını almağa başlamışdır. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir.

Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur.  Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə  məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir.  Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuşdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edilmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası Azərbaycanı dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə və Cənubi Qafqaz bölgəsinin lider dövlətinə çevirmişdir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra başlanmış, son 18 ildə uğurla davam etdirilmiş hərbi siyasət Azərbaycan Silahlı Qüvvələrini yüksək standartlar əsasında inkişaf etdirərək  dünyanın 50 ən güclü ordusu sırasına çıxarmağa imkan vermişdir.  Bütün bu amillər, eləcə də iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Ermənistan–Azərbaycan münaqişəsinin həllini təmin etmişdir. Erməni şovinistlərinin Azərbaycan xalqına və dövlətinə qarşı uzun dövr ərzində həyata keçirdikləri etnik təmizləmə, işğalçılıq və ekspansionizm siyasətinin qarşısının alınması ilə bağlı tarixi missiya uğurla yerinə yetirilmiş və tarixi ədalət bərpa olunmuşdur.

8 Noyabr Zəfəri Müzəffər Ali Baş Komandanın yenilməz iradəsinin və  böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad  edilməsi xalqımızı uzun illər davam edən  məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir. Qüdrətli Azərbaycan yerləşdiyi bölgənin siyasi, iqtisadi, hərbi, humanitar mənzərəsini dəyişməyə qadir olduğunu, bundan sonra heç kəsin onunla güc və təzyiq dili ilə danışa bilməyəcəyini qətiyyətlə nümayiş etdirmişdir.

Azərbaycanın qələbəsi ilə başa çatmış Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin 2907 nəfər hərbi qulluqçusu şəhid olmuşdur.Onlardan 408 nəfəri zabit, 279 nəfəri gizir, 263 nəfər çavuş, 1962 nəfəri isə əsgər idi.Şəhid ailələrinə ölkəmizdə xüsusi diqqət göstərilir, dövlət tərəfindən bütün lazımi işlər görülür. Azərbaycan şəhid ailələrinə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla bilər. Qarabağ müharibəsində həlak olmuş qəhrəman övladlarımızın ailələri tam miqyasda evlərlə, mənzillərlə təmin olunurlar. Dövlət öz əsgərin yanındadır. Qarabağ qazilərinə dövlət tərəfindən lazımi dəstək göstərilir, onların məişət problemləri həll olunur.

Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırdı. Qəhrəman,igid,vətənpərvər qəhrəmanlarımız-Azərbaycan oğullarının mərdliyi, cəsarəti,şücaəti  sayəsində Qarabağ işğaldan azad olundu. 2020-ci il dekabrın 10-da Bakıda Azadlıq Meydanında Qələbə Paradı təşkil olundu. Fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da paradda iştirak etmişdir.Parada Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi və müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev komandanlıq etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir.Müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Azadlıq Meydanında keçirilən hərbi paradda 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir.

20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Yaşasın Ali Baş Komandan İlham Əliyev, Yaşasın Müzəffər Azərbaycan Ordusu, Yaşasın müstəqil Azərbaycan Respublikası! Ali Baş Komandanımızın şüara çevrilmiş sözlərində dediyi kimi : ” Qarabağ bizimdir,Qarabağ Azərbaycandır!”

Əlisoy Nərgiz,
Xəzər rayonu,
D.Cəbrayılov adına 119 nömrəli tam orta məktəbin Azərbaycan dili, ədəbiyyat müəllimi

Oxşar Xəbərlər

Back to top button