
2025-ci ilin iyununda Prezident İlham Əliyevin Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində etdiyi çıxış, Azərbaycanın enerji siyasətində yeni bir mərhələnin əsasını qoydu. Bu mühüm hadisə, ölkəmizin enerji təhlükəsizliyinin və iqtisadi dayanıqlılığının daha da möhkəmləndirilməsi istiqamətində atılmış strateji bir addım kimi tarixə düşdü.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sektorunda əldə etdiyi uğurları sadalamaqla yanaşı, bu nailiyyətlərin əsasında dayanan milli iradə, planlı inkişaf və çevik idarəetmə modelini də ön plana çəkdi. “8 Noyabr” adını daşıyan bu stansiyanın Zəfər Gününə ithaf olunması isə, layihəyə xüsusi siyasi və mənəvi çalar əlavə etdi. Bu addım, həm də 2020-ci ildə Qarabağda qazanılmış tarixi qələbənin davamlı inkişafla müşayiət olunduğunun rəmzi kimi dəyərləndirilə bilər.
Yeni elektrik stansiyası ən müasir texnologiyalarla təchiz olunmuşdur və 1,280 MVt gücə malik olmaqla, ölkənin enerji sisteminə güclü dəstək verir. Prezidentin sözlərinə görə, bu stansiya bir çox texniki göstəricilərinə görə regionda analoqu olmayan enerji qurğularındandır və onun inşası tamamilə daxili imkanlar hesabına reallaşdırılıb. Bu fakt da bir daha göstərir ki, Azərbaycan artıq həm iqtisadi, həm də texnoloji baxımdan tam müstəqil ölkəyə çevrilmişdir.
Prezident İlham Əliyev çıxışında ölkəmizin enerji ixrac potensialından da bəhs etdi. Bildirdi ki, Azərbaycan bu gün artıq yalnız neft və qaz deyil, eyni zamanda elektrik enerjisi ixracatçısı kimi də regionda önəmli mövqeyə sahibdir. Bu isə Azərbaycanın həm iqtisadi, həm də geosiyasi çəkisini daha da artırır.
Dövlət başçısı eyni zamanda vurğuladı ki, Azərbaycanın enerji siyasəti yalnız iqtisadi məqsədlərlə məhdudlaşmır. Bu siyasət həm də ətraf mühitin mühafizəsini, enerji səmərəliliyinin artırılmasını və yaşıl enerji mənbələrinin inkişafını özündə ehtiva edir. “8 Noyabr” Elektrik Stansiyası da bu yanaşmanın bir nümunəsi kimi çıxış edir.
Sonda qeyd edilməlidir ki, Prezident İlham Əliyevin “8 Noyabr” Elektrik Stansiyasının açılışında etdiyi çıxış təkcə yeni bir obyektin istifadəyə verilməsi ilə bağlı deyildi. Bu çıxış, Azərbaycanın müstəqil, güclü və gələcəyə doğru inamla irəliləyən dövlət olduğunu göstərən proqram xarakterli bir bəyanat idi. Həmçinin bu nitq, xalqımızın öz gücünə olan inamını bir daha təsdiqlədi və gələcək nəsillər üçün yol xəritəsi rolunu oynayacaq dəyərli bir sənəd kimi yaddaşlara həkk olundu.
Mirsadıq Səməndərli,
Yeni Azərbaycan Partiyası, məsləhətçi