Azərbaycançılıq məfkurəsi xalqımızın çox əsrlik mədəni irsinin hərtərəfli, dərindən öyrənilməsində və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm yer tutur. Heydər Əliyev azərbaycançılıq məfkürəsini milli ideologiya səviyyəsinə qaldırıb, onun əsasında vətəndaş həmrəyliyi və ümumxalq birliyi yaradılıb. Ulu Öndərin müəllifi olduğu müasir azərbaycançılıq ideologiyası Azərbaycan xalqını vahid yumruq kimi birləşdirib , dövlətin milli gücünün artmasını şərtləndirirdi. Beləliklə, xalqımızın 30 ildir ki həsrətində olduğu bu an yetişdi. Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə həm tarixin dövlətçiliyimizə xəyanətini aradan qaldırdı, həm də beynəlxalq təşkilatların neçə on illər əvvəl qəbul etdiyi qətnamələri yerinə yetirməklə bəşəri ordu olduğunu təsdiqlədi… Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. 44 gün davam edən müharibənin hər günü Azərbaycan xalqının şanlı tarixi oldu. Hər gün Azərbaycan Ordusu daha da irəliləyir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi.
Döyüş meydanında tarix yazan Azərbaycan ordusunun Şuşanın xilasından bir gün sonra daha 70 -dən artıq yaşayış məntəqəsinin işğaldan azad etməsinin ardından Ermənistanın hərbi-siyasi təslimçilik mövqeyindən çıxış etməsi və onun üçün kaptulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalaması Azərbaycanın qələbəsinin siyasi-hüquqi təsdiqi idi. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü hərbi-siyasi yolla təmin etməklə öz gücünü – qüdrətini bütün dünyaya nümayiş etdirmiş oldu.
Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində bildirmişdir ki, “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi… Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazadığımız hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin ən müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha qədər müharibə və yürüşlərdə qazanılmış qələbələrdən heç birində Azərbaycan faktoru və azərbaycançılıq ideyası indiki qədər mühüm yer tutmamışdır. Şanlı Zəfər məhz Azərbaycan naminə , Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin parlaq hərbi-siyasi yekunu , möhtəşəm nəticəsidir.Ona görə də bu müharibə haqlı olaraq xarakteri etibarı ilə Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Prezident, Ali Baş Komandan İlham Əliyev, qüdrətli Azərbaycan ordusu və məğrur Azərbaycan xalqıdır.
Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra da müzəffər xalq, qalib dövlət kimi əbədi yaşayacaq. 44 günlük Vətən müharibəsində Zəfər Günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Xalqın “dəmir yumruq”da birləşərək düşmənə zərbə vurması tarixin əbədi yaddaşına yazılmışdır. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” şüarı altında birləşən xalqın qəhrəmanlığı dünyaya bizim birliyimizi, iradəmizi və əzmkarlığımızı nümayiş etdirmişdir. Və bu gün biz qürurla deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir…
Dillərə dastan olan 44 günlük Vətən müharibəsi və Azərbaycan əsgərinin qüdrəti hələ əsrlər boyu danışılacaq.
Aidə Əliyeva,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi