Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarını azad etməklə Böyük Qələbəni qazandı.Bu dünya tarixində görünməmiş Vətən müharibəsi idi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq.Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu məhv edildi, hərbi texnikası məhv edildi, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Ermənistan ordusu eyni zamanda mənəvi məğlubiyyətə uğrayıb. Müharibə dövründə Ermənistan ordusunda 10 mindən çox fərari olub.
Bu möhtəşəm uğurun nəticəsi olaraq Zəfər Paradının keçirilməsi bir daha güclü ölkəmizin qalibiyyətini əks etdirdi. Qələbəyə həsr olunmuş Zəfər Paradında 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, eləcə də hərbi gəmi və katerlərin nümayişi oldu. Paradda, həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşlar və mülki işçilər müxtəlif orden və medallarla təltif edilmişdir. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub.
2020-ci ilin 10 noyabr tarixində Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atıb. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarılaraq, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə qazandı. Düşmən ölkə döyüş meydanında məğlubiyyətə uğrayarkən mülki əhaliyə qarşı hərbi cinayətlər törədib. Azərbaycanın şəhərləri ballistik raketlərlə, fosforlu bombalarla və kasetli bombalarla atəşə tutulmuşdur. Düşmən atəşi nəticəsində 100-ə yaxın mülki vətəndaş, onların arasında uşaqlar, qadınlar həlak olublar. Dörd yüzdən çox mülki vətəndaş yaralanıb, beş mindən çox ev dağıdılıb, ya da ki, o evlərə ziyan vurulub.
Bu Qələbənin səbəbkarı həmçinin Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.
Ayşən Qasımova,
YAP-ın gənc fəalı