AnalitikaGündəmSiyasət

4 Oktyabr – Cəbrayıl Şəhəri Günü: Zəfərdən Qayıdışa

Bəzi tarixlər sadəcə təqvimdə qeyd olunan gün deyil, xalqın yaddaşında bir dövrün sonunu və yenisinin başlanğıcını ifadə edir. 4 Oktyabr da Azərbaycan tarixində belə günlərdəndir. 2020-ci ilin həmin günü Cəbrayıl şəhəri 27 illik işğaldan azad edildi və qədim yurdumuzun tarixində yeni mərhələ başlandı.

Cəbrayıl rayonunun 1993-cü il avqustun 23-də işğal edilməsi minlərlə insanın doğma torpağından didərgin düşməsi ilə nəticələndi. 1050 kvadratkilometr ərazini əhatə edən rayonun yaşayış məntəqələri, məktəbləri, səhiyyə və mədəniyyət müəssisələri, tarixi abidələri dağıntıya məruz qaldı. Cəbrayıllılar uzun illər doğma yurd həsrəti ilə yaşadılar, lakin qayıdış ümidini heç vaxt itirmədilər.

Bu yolun mühüm mərhələlərindən biri 1994-cü ildə Cocuq Mərcanlının azad edilməsi, 2016-cı ildə isə Lələtəpə yüksəkliyinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi oldu. Xüsusilə Cocuq Mərcanlının sonradan yenidən qurulması doğma torpaqlara qayıdışın mümkünlüyünü göstərən mühüm nümunəyə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Cəbrayıl istiqamətində aparılan əməliyyatlar nəticəsində əvvəlcə Böyük Mərcanlı və Nüzgar kəndləri, daha sonra rayonun digər yaşayış məntəqələri azad edildi. 4 oktyabrda isə Cəbrayıl şəhərinin azad olunması elan edildi.

Bu qələbənin hərbi əhəmiyyəti də böyük idi. Cəbrayıl istiqamətində düşmənin qurduğu çoxsaylı istehkamların yarılması Azərbaycan Ordusunun sonrakı istiqamətlərdə irəliləməsi üçün mühüm imkanlar yaratdı.

Cəbrayılın azadlığının ən yaddaqalan simvollarından biri Xudafərin körpüsündə Azərbaycan bayrağının dalğalanması oldu. Əsrlərin şahidi olan bu tarixi abidənin üzərində üçrəngli bayrağımızın ucaldılması milli yaddaşımızda xüsusi yer tutan hadisəyə çevrildi.

Lakin azadlıqla qarşıya yeni vəzifə çıxdı: Cəbrayılı yenidən qurmaq və onun sakinlərini doğma yurdlarına qaytarmaq.

Bu gün həmin proses artıq genişmiqyaslı reallıqdır. Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib, yeni yaşayış məhəllələri, məktəblər, sosial obyektlər və müasir infrastruktur yaradılır. Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı, Horovlu və Şükürbəyli kəndlərində də yeni yaşayış məntəqələri formalaşdırılır.

Cəbrayılın iqtisadi gələcəyi də paralel şəkildə qurulur. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, yol və enerji infrastrukturunun inkişaf etdirilməsi, günəş elektrik stansiyalarının və digər layihələrin həyata keçirilməsi rayonun istehsal, logistika və enerji potensialının reallaşdırılmasına xidmət edir.

2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması isə bu tarixi prosesin ən duyğulu mərhələlərindən biri oldu. İllərlə başqa yerlərdə yaşayan ailələr yenidən öz şəhərlərinə və kəndlərinə qayıtmağa başladılar. Bu gün Cəbrayılın küçələrində artıq həyatın səsi eşidilir, məktəblərdə uşaqlar oxuyur, yeni evlərdə ailələr yaşayır.

Beləliklə, Cəbrayılın müasir tarixi üç mühüm anlayışı bir araya gətirir: yaddaş, Zəfər və qayıdış. Yaddaş bizi keçmişimizə bağlayır, Zəfər torpaqlarımızın azadlığını təmin edir, Qayıdış isə həmin torpaqlarda gələcəyimizi qurur.

Mənim üçün 4 Oktyabr yalnız Cəbrayılın işğaldan azad edildiyi tarix deyil. Bu gün həm də şəhidlərimizin müqəddəs xatirəsinin, qəhrəman əsgər və zabitlərimizin şücaətinin, illərlə doğma yurda qayıdış arzusu ilə yaşayan insanların səbrinin və bu gün Cəbrayılda aparılan böyük quruculuğun ifadəsidir.

Cəbrayılın 27 illik həsrəti Zəfərlə sona çatdı. Bu gün isə həmin Zəfər doğma torpaqlarda yeni həyatın tarixini yazır.

Cəbrayılın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qəhrəman Vətən övladlarına sonsuz minnətdarlığımızı bildiririk.

Həcərxanım Vəliyeva,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button