AnalitikaGündəmSiyasət

32 İllik Həsrətin Sonu Kəlbəcərə Böyük Qayıdış

Avqustun 21-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində inşa edilən ilk yaşayış kompleksində sakinlərlə görüşdülər. Prezident çıxışında kəlbəcərliləri 32 ildən sonra doğma yurdlarına qayıdış münasibətilə təbrik edərək bu günü tarixi hadisə adlandırdı. O, “Böyük Qayıdış” Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşasının nəzərdə tutulduğunu, Kəlbəcərdə minlərlə ailənin yerləşəcəyini, bütün infrastrukturun – işıq, qaz, su, yollarının çəkildiyini, minalardan təmizlənmə işinin aparıldığını, məktəblərin və digər sosial obyektlərin salındığını vurğuladı.
Ölkə başçısı Kəlbəcərin işğalının Azərbaycan üçün yalnız bir rayonun itirilməsi deyil, həm də strateji baxımdan böyük problem yaratdığını qeyd etmişdir. Bu işğal Ermənistanla ovaxtkı Dağlıq Qarabağ arasında geniş coğrafi bağlantı yaradaraq digər torpaqlarımızın da işğalına şərait yaratmışdı. Şuşa və Laçının 1992-ci ildə işğal altına düşməsi, ardınca Kəlbəcərin itirilməsi o zaman Azərbaycan rəhbərliyinin məsuliyyətsizliyi və xəyanətkar siyasəti nəticəsində baş vermişdi.

Dövlət başçısının çıxışında Kəlbəcərin 1993-cü ildə işğalı, o dövrdəki hakimiyyətin məsuliyyətsizliyi və Ermənistanın hərbi dəstəklə bölgədə coğrafi üstünlük əldə etməsi xatırladılıb. Prezident beynəlxalq vasitəçilərin 30 il ərzində problemin həllinə deyil, işğalın möhkəmlənməsinə xidmət etdiyini, Ermənistana milyardlarla dollar dəyərində pulsuz silah verildiyini bildirib. O, Azərbaycanın heç vaxt bu vəziyyətlə barışmadığını və güclü iqtisadiyyat, müasir ordu və xalqın birliyi hesabına 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandığını vurğulayıb.

İlham Əliyev 2020-ci ildə imzalanan kapitulyasiya aktı nəticəsində Kəlbəcərin bir güllə atmadan azad edildiyini, 2023-cü ilin sentyabrında isə qalan separatçı ünsürlərin tamamilə məhv edildiyini xatırladaraq, bu tarixləri Azərbaycan xalqının şərəfli səhifələri adlandırıb. O, həmçinin Ermənistanla sülh prosesinin son mərhələyə çatdığını, Azərbaycanın istədiyi şərtlərin sənədlərə daxil edildiyini, Naxçıvanla quru əlaqəsinin qurulmasının isə strateji nailiyyət olduğunu qeyd edib.

Azərbaycan xalqı həm Vətən müharibəsi, həm də 2023-cü ilin sentyabr əməliyyatı nəticəsində yaradılan yeni reallıqları beynəlxalq aləmdə təsdiqlədi. Ermənistanın havadarlarının Azərbaycana qarşı kampaniyaları, sanksiya və təzyiqləri heç bir nəticə vermədi. Azərbaycanın mövqeyi ədalətli qəbul edildi, çünki ölkəmiz yalnız öz torpağında döyüşmüş, ərazi bütövlüyünü bərpa etmiş və heç bir xarici torpağı zəbt etməmişdir. Beynəlxalq təşkilatların dəstəyi və Vaşinqtonda imzalanan sənədlər bu səylərin qarşısını aldı.

Prezident bildirib ki, Ermənistanın törətdiyi dağıntılar, soyqırımlar və vəhşiliklər heç vaxt unudulmayacaq, xalq həmişə ayıq-sayıq qalmalı və güclü orduya malik olmalıdır. Azərbaycanın hərbi qüdrətini daha da artırdığı, xüsusi təyinatlı qüvvələrin genişləndirildiyi, müasir texnologiyaların alındığı və ölkənin hər zaman müharibəyə hazır olduğu vurğulanıb.

Sonda dövlət başçısı Azərbaycan xalqının qalib xalq kimi tarixdə mövqeyini təsdiqlədiyini, ölkənin bundan sonra quruculuq, bərpa və inkişaf yolu ilə irəliləyəcəyini bildirib və kəlbəcərlilərə yeni evlərində rahat, xoşbəxt həyat arzulayıb.

Bayramova Sevinc
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button