
XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir. Bu hadisələrin ən yüksək zirvəsi, sözsüz ki, 1918-ci il mayın 28-də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsidir. Sonrakı mühüm tarixi hadisələr – sentyabrın 15-də Bakının birləşmiş Türk-Azərbaycan hərbi qüvvələri tərəfindən azad edilməsi və Azərbaycan hökumətinin Bakıya köçməsi, dekabrın 7-də Azərbaycan Parlamentinin yaranması və nəhayət, 1918-ci ilin 28 dekabrında Azərbaycan hökumətinin Cənubi Qafqazda İttifaq qoşunlarının komandanlığı və İngiltərə Hökuməti tərəfindən qanuni hakimiyyət kimi tanınması – bütün Şərqdə ilk demokratik quruluşun və azərbaycanlıların ilk milli dövlətçiliyinin – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının əsasını qoymuşdur. Lakin 1918-ci ilin əlamətdar hadisələrindən əvvəl bütün Azərbaycan xalqı üçün ümumi faciəyə çevrilmiş, hətta onun mövcudluğunu belə şübhə altında qoymuş hadisələr baş vermişdir. Bakıda və Şamaxıda 1918-ci ilin mart qırğınları bu qanlı zəncirin başlanğıcı olmuşdur. Bir neçə mart günləri ərzində bu şəhərlərin və onun ətraf kənlərinin dinc azərbaycanlı əhalisi amansızlıqla özbaşınalıq edən bolşevik-daşnak hərbi qüvvələri tərəfindən görünməmiş dəhşətli cəza aksiyalarına – talan və qırğınlara, əzilmək, əsir alınmaq, qarət edilmək, şəhər və kəndlər isə yanğın və dağıntılara məruz qalmışdır.
Bakı və Şamaxıdan sonra müsəlman qırğınları və talanları Göyçay, Ərəş, Cavad, Nuxa, Quba qəzaları kəndlərini və Quba şəhərini, Gəncə şəhərinin ətraf kəndlərini, Lənkəran, Zəngəzur qəzalarını, həmçinin Qarabağın azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələrini əhatə etmişdir. Öz tarixi torpaqlarında dinc şəkildə yaşayan və müxtəlif tarixi dövrlərdə burada məskunlaşan digər milli-dini qrupların nümayəndələri – erməni, yəhudi, ruslarla mehriban qonşuluq əlaqələri saxlayan azərbaycanlıların və Azərbaycanın müsəlman əhalisinin digər təmsilçiləri olan ləzgilərin, tatların, kürdlərin günahı nə idi? Bütün bu hadisələrin dərin tarixi kökləri və səbəbləri var idi. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrindən sonra Rusiyaya birləşdirilən Azərbaycan torpaqlarının zəbt edilməsi və azərbaycanlıların bu torpaqlardan deportasiyasına hesablanmış ümumerməni proqramının həyata keçirilməsi bu tarixi müqavilələrdən sonra başlamışdır. I Nikolayın maneəsiz olaraq İrandan və Türkiyədən köçmələrinə imkan verən sərəncamlarından istifadə edən ermənilər kütləvi şəkildə Qafqazda, xüsusilə Qarabağ, Naxçıvan, İrəvan ərazilərində məskunlaşırlar. 1828-ci ilin martında İrəvan və Naxşıvan xanlıqlarının əraziləri rus hakimiyyəti tərəfindən “Erməni vilayəti” altında inzibati vahid altında birləşdirilir.
Doğrudur, artıq 1940-cı ilin aprel ayında “Erməni vilayəti” ləğv olunsa da, bu, azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi həmin ərazilərin ermənilər tərəfindən əzəli “erməni” torpaqları elan edilməsiinə mane olmur. Azərbaycanlılar üçün son dərəcə əlverişsiz olan bu vəziyyətdə “Müsavat” partiyasının Qafqazın siyasi meydanına cıxması sinfi mübarizə ideyasını təbliğ edən və keçmiş Rusiya İmperiyasının bütün ərazilərində, o cümlədən Qafqazda, hakimiyyəti ələ keçirmək niyyətini gizlətməyən bolşevikləri, eyni zamanda azərbaycanlı əhalinin üstünlük təşkil etdiyi tarixi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq arzusu ilə alışıb-yanan erməni millətçilərini narahat etməyə bilməzdi. I Dünya müharibəsi hələ davam etdiyi 1917-ci ildə erməni millətçiləri Türkiyənin 7 vilayəti ərazisində “Böyük Ermənistan”ı yaratmaq xülyasından əl çəkməsələr də, mövcud vəziyyətdə bu planların həyata keçirilməsinin xeyli çətinləşdiyini anlayırlar. Bu səbəbdən ermənilər öz əsas fəaliyyətlərini daha əlverişli şəraitin olduğu Zaqafqaziya ərazisinə istiqamətləndirirlər. 1918-ci ilin mart ayına qədər onlar artıq Zaqafqaziyanın cənub-qərbində – Qarsda, İrəvan və Yelizavetpol quberniyalarının bir neçə qəzalarında və Qarabağda dinc sakinlərin-azərbaycanlıların sıxışdırılması, zorla qovulması və kütləvi şəkildə öldürülməsi yolu ilə hələ mövcud olmayan erməni dövləti üçün əraziləri təmizləməyə müvəffəq olurlar. Rusiyada 1917-ci il bolşevik çevrilişindən sonra qorxuya düşən erməni və gürcü hissələri Qafqaz cəbhəsindən qaçmağa başlayır. Müharibənin gedişində Rus ordusu tərəfindən müvəqqəti zəbt edilmiş Türkiyə vilayətlərinə köçmüş, bundan əvvəl isə daima türk torpaqlarında yaşamış yüz minlərlə Türkiyə erməniləri də Zaqafqaziyaya üz tutur. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi 31 Mart soyqırımının araşdırılması və həqiqətlərin dünyaya yayılması istiqamətində işlər aparılır. Ötən illər ərzində aparılan araşdırmalar sayəsində bir çox yeni faktlar toplanıb, Quba şəhərində aşkarlanan kütləvi məzarlıq isə bu qırğınların ən bariz sübutlarından biridir. Kompleksin Məlumat Mərkəzinə gələn ziyarətçilər üçün Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçi və 1918-ci ildə Azərbaycan qəzalarında baş verən soyqırımı tarixi faktlarını əks etdirən üç dildə buklet və kitablardan istifadə etmək üçün şərait yaradılıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Əyyub Əliyev,
Yeni Azərbaycan Partiyası, Məsləhətçi



