
31 mart — Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşına həkk olunmuş ən faciəli və eyni zamanda ən dərindən dərk edilməli tarixi günlərdən biridir. Bu tarix təkcə bir faciənin xatırlanması deyil, həm də milli yaddaşın, kimliyimizin və dövlətçilik şüurumuzun formalaşmasında mühüm yer tutan bir həqiqətin dünyaya çatdırılmasıdır.
1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə amansızcasına qətlə yetirildi. Bakı, Şamaxı, Quba və digər bölgələrdə törədilən bu qətliamlar planlı şəkildə həyata keçirilmiş, xalqımızın tarixi torpaqlarında demoqrafik və mədəni izlərini silmək məqsədi daşımışdır. Bu hadisələr insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalmaqdadır.
Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində 31 mart tarixi dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlanmışdır. Bu, tarixi ədalətin bərpası, xalqımıza qarşı törədilmiş cinayətlərin hüquqi-siyasi qiymətinin verilməsi baxımından mühüm addım idi. Məhz onun uzaqgörən siyasəti nəticəsində bu həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılmağa başlandı.
Bu həqiqətlərin təsdiqi kimi Quba şəhərində aşkar olunmuş kütləvi məzarlıq və onun əsasında yaradılmış Quba Soyqırımı Memorial Kompleksi xüsusi əhəmiyyət daşıyır. Bu memorial 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılmışdır və bu gün həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə tarixi həqiqətlərin təqdim olunduğu mühüm mərkəzlərdən biridir. Burada nümayiş etdirilən faktlar və sübutlar 1918-ci il hadisələrinin miqyasını və dəhşətini bir daha açıq şəkildə ortaya qoyur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu siyasət ardıcıl şəkildə davam etdirilir. Dövlət başçısının apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan həqiqətləri, o cümlədən 31 mart soyqırımı barədə məlumatlar beynəlxalq platformalarda daha geniş şəkildə səsləndirilir, tarixi ədalətin tanınması istiqamətində mühüm addımlar atılır.
Biz bu gün yalnız keçmişi anmırıq — biz həm də gələcəyə mesaj veririk: tariximizi unutmayacağıq, unutdurmayacağıq! Hər bir vətəndaş olaraq bu həqiqətləri öyrənmək, paylaşmaq və gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur.
Səbinə Həsənova,
YAP-ın fəalı



