Analitika

31 mart – Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisələrdən biri kimi daxil olmuşdur

XIX əsrin əvvəllərindən etibarən Azərbaycan ərazisinə müxtəlif xristian xalqların köçürülməsi siyasəti dövrün Çar Rusiyasının ərazimizdə etnik dayaq yaratmaq, müstəmləkə iqtisadiyyatı formalaşdırmaq,  yerli əhalini xristianlaşdırmaq kimi məqsədlərinə  xidmət edirdi. Bu zaman Azərbaycan ərazisinə kütləvi şəkildə köçürülən xalqlar sırasına erməni və ruslar da daxil idi. Ümumilikdə 200 minə yaxın erməninin bu dövrdə torpaqlarımızda məskunlaşdırılması müasir dövrün ən böyük problemlərindən biri olan Azərbaycan -Ermənistan münaqişəsinə zəmin hazırladı.

1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlara başlanıldı. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmış, onlara qəsdən fiziki qüsurlar yetirlimişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri tərəfindən qeyri-insani əməllərini davam etdirildi, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirildi.Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Təkcə Bakı quberniyasının ərazisində 30 mindən çox türk -müsəlman əhali qətlə yetirildi, eləcə də Tağıyev teatrı, “İsmailliyə” binası, Açıq söz ve Kaspi qəzetinin redaksiyası yandırıldı, “Təzəpir” məscidi, Şah məscidi dağıdıldı.

Şamaxıda Lalayanın rəhbərliyi ilə törədilmiş qırğınlarla əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da Şamaxı hadisələri ilə bağlı bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən 14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfəri qətlə yetirib. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

1918-ci ilin aprel-may aylarında Amazaspın rəhbərliyi ilə gerçəkləşən Quba qırğınları zamanı şəhərdə  öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılmış tədqiqatlar sübut etdi ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Beləki, Qubada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.

2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.

Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Bu dərəcə böyük bir miqyasda həyata keçirilmiş və on minlərlə insanın həyatını itirməsinə səbəb olmuş bu faciə Sovet hökumətinin Azərbaycandakı hakimiyyəti dövründə heç bir siyasi qiymət almamış, hətta üstü örtülmüş, tarixi faktlar ört-basdır edilmişdir. Azərbaycan xalqı bu qəddar soyqırım hadisəsinə ədaləti yalnız 1998-ci ildə Ulu Öndərin 26 mart tarixli fərmanı  vasitəsilə təmin edə bilmişdir.

“Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir” – Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı.

Babayeva Ləman,
Xəzər rayonu, 292 nömrəli məktəbin direktor müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button