AnalitikaGündəm

3 sentyabr – Azərbaycanı Milli Qurtuluşa aparan tarixi gün

Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi, ölkəmizin dünya birliyinin fəal üzvünə çevrilməsi, bugünki uğurlarımız Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin, zəngin siyasi təcrübəsinin, yüksək idarəçilik bacarığının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin böyüklüyü sözü ilə əməlinin vəhdətində təsdiqini tapmasındadır. Beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan müstəqil Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu, məhz Ulu Öndərin uğurlu, uzaqgörən siyasətindən qaynaqlanıb. Dövlət müstəqilliyimizin təhlükə altında – iqtisadi çətinliklər, hərbi qarşıdurmalar ilə üzləşdiyi zamanda Ulu Öndər Heydər Əliyev xalqının yanında oldu. Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtması xalqın buxovlanmış arzularının yolunda ümid çırağını alovlandırmışdı.

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada minlərlə insanın təkidi ilə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi Azərbaycanın taleyində böyük siyasi əhəmiyyətə malik hadisə olaraq tarixiləşdi. Bununla da, qədim və tarixi Naxçıvanda milli dövlətçiliyin təməli qoyuldu. Ulu Öndərin Naxçıvana siyasi hakimiyyətə qayıdışı, əvvəlcə deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi xalqın gələcəyə olan itmiş ümidinin geri qaytarılması idi, ölkənin məhv olmaq təhlükəsindən xilası idi. “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm” – deyə Heydər Əliyev bildirmişdir. Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3 – dən etibarən, məhz bu fikirlərin reallaşması məqsədi ilə böyük amalını – xilaskarlıq missiyasını həyata keçirdi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti dövründə gördüyü işlərin miqyası ölçüyə belə gəlməz. Ümummilli Lider düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın müdafiə qabiliyyətini gücləndirdi. 1991-ci il sentyabrın 7-də Ali Məclis Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sözügedən qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıc nöqtəsi oldu. 1991-1993-cü illərdə Naxçıvanda Ulu Öndər tərəfindən taleyüklü addımlar atılır, dövlətimizin gələcək müstəqilliyinin təmininə istiqamətlənmiş qərarlar qəbul olunurdu. Təbii ki, o illərdə Azərbaycanı uğura aparan yol antimilli qüvvələri razı salmırdı. 1992-ci il oktyabrın 24-də o zamankı iqtidarın təhriki ilə bir qrup silahlı şəxsin Naxçıvanda ilk dövlət çevrilişi cəhdi əlbəttə ki, xalqın prinsipiallığı ilə tam iflasa uğradı. Heç şübhəsiz ki, Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi, təkcə Muxtar Respublikada deyil, bütövlükdə Azərbaycanda işıqlı gələcəyə, tərəqqi və inkişafa xalqın olan inamını gücləndirmişdir. Bu, Ümummilli Lider Heydər Əliyevin şəxsiyyətinə olan inamın ifadəsi idi.

33 il öncə Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Xalq milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. AXC – Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra törətdiyi xaos və anarxiya mühiti Azərbaycanı günbəgün uçuruma aparırdı. Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası və xalqın qurtuluşu kimi ən müasir tariximizə əbədi həkk olundu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi qısa bir zaman məsafəsində qətiyyətli adımmları, böyük idarəçilik bacarı ilə aradan qaldırdı. Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, müstəqilliyini itirmək aqibətindən qurtuldu. Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz dinamik inkişaf etməyə başladı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikamız və xalqımız nicat yoluna qədəm qoydu, ölkəmizdə sabitlik və əmin-amanlıq bərpa edildi. Azərbaycanın sivil, demokratik yolla inkişafı məqsədi ilə islahatlar reallaşdırıldı.

1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlər sırasında dövlət quruculuğunun hüquqi bazasının yaradılmasını qeyd etməliyik. Ümummilli Lider qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatların həyata keçirilməsinə nail oldu. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına öz töhfəsini verdi. Müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativə hüquqi baza yaradıldı.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasət ölkəmizin böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Müasir dövrümüzdə Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib. Prezident İlham Əliyevin imzaladığı məqsədyönlü fərman və sərəncamlarla, qəbul etdiyi praqmatik qərarlarla ölkəmizin dinamik yüksəlişi və insanların rifahının yüksəldilməsi təmin olunub. Beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verən Azərbaycanın iştirakı ilə qlobal layihələr uğurla icra edilir. İnkişaf strategiyası nəticəsində Azərbaycan dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Yeni reallıqlar yaradan Zəfər qazanmış Azərbaycanın qazandığı bu və ya digər uğurların təməlində Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti dayanır.

Güləddin Dadaşov,
YAP Nəsimi rayonu Üzeyir Hacıbəyli küçəsi, 62 ərazi partiya təşkilatının sədri, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini

Oxşar Xəbərlər

Back to top button