AnalitikaGündəmSiyasət

28 May – xalqımızın müstəqillik iradəsinin təcəssümü və milli dövlətçilik ənənələrinin başlanğıcıdır

Hər il 28 May Azərbaycanda böyük qürur və vətənpərvərlik hissi ilə qeyd olunur. 1918-ci il məhz bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan olundu. Bu hadisə təkcə Azərbaycanın deyil, həm də bütün Şərq və müsəlman dünyasının tarixində mühüm dönüş nöqtəsi oldu. AXC Şərqdə və İslam dünyasında ilk parlamentli demokratik respublika kimi tarixə düşdü.Birinci Dünya Müharibəsinin sonuna yaxın və Çar Rusiyasının süqutu nəticəsində Cənubi Qafqazda siyasi boşluq yaranmışdı. Bu şəraitdə 1918-ci il mayın 28-də Tiflisdə Müsəlman Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını elan etdi. Bu cümhuriyyət milli dövlətçilik tariximizdə ilk dəfə olaraq xalqın suverenliyinə əsaslanan, hüquqi və dünyəvi prinsiplər üzərində qurulmuş bir dövlət idi.Azərbaycan Xalq Cümhuriyyəti qısa ömrünə baxmayaraq, bir sıra demokratik institutlar və hüquqi islahatlar həyata keçirdi.

1918-ci ildə qəbul edilən hökumət proqramında bütün vətəndaşlara – irqindən, dinindən, cinsindən və sosial mənsubiyyətindən asılı olmayaraq – bərabər hüquqların tanınması nəzərdə tutulurdu. Qadınlara səsvermə hüququnun verilməsi bu dövr üçün həm Qafqazda, həm də İslam dünyasında inqilabi bir addım idi.AXC parlamenti çoxpartiyalı sistemə əsaslanırdı və burada müxtəlif siyasi partiyalar – Müsavat Partiyası, sosialistlər, erməni “Daşnaksütyun”, rus və yəhudi partiyaları təmsil olunurdu. Parlamentin fəaliyyəti azad fikir, debat və kompromis mədəniyyətinin formalaşmasında mühüm rol oynadı. Bu, Azərbaycan cəmiyyətində siyasi plüralizm ənənələrinin əsasını qoydu.AXC hökuməti milli şüurun yüksəldilməsinə və təhsilin inkişafına böyük önəm verirdi.

1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunması bu istiqamətdə atılmış mühüm addım idi. Həmçinin, mətbuat azadlığı təmin olunmuşdu və onlarla qəzet, jurnal fəaliyyət göstərirdi.Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə beynəlxalq səviyyədə də tanınmağa başladı. 1920-ci ilin əvvəlində Versal Sülh Konfransı çərçivəsində Antanta dövlətləri tərəfindən de-fakto tanınması Cümhuriyyətin diplomatik uğuru hesab olunur.AXC 1920-ci il aprelin 28-də Sovet işğalı ilə süqut etsə də, onun ideyaları və demokratik dövlətçilik ənənələri unudulmadı.

1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyi bərpa edilərkən, məhz AXC-nin hüquqi və siyasi varisi elan olundu. Bu gün Azərbaycan Respublikasının Konstitusiyası və dövlət idarəetmə sistemi məhz həmin demokratik ənənələrə əsaslanır.

Günel Nəsibova,
Yeni Azərbaycan Partiyası,məsləhətçi

Oxşar Xəbərlər

Back to top button