AnalitikaGündəmSiyasət

28 May – Tariximizin Şanlı Zirvəsi və Müstəqilliyimizin Simvoludur

28 May – Müstəqillik Günü Azərbaycan xalqının tarixində mühüm yer tutur. 1918-ci ilin bu günündə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı və xalqımız ilk dəfə olaraq respublika idarəetmə formasına keçid etdi. Bu hadisə təkcə Azərbaycanın deyil, bütün Şərq aləminin tarixində mühüm mərhələ idi. AXC dünyəvi, demokratik və hüquqi dövlət kimi fəaliyyət göstərməyə başladı və bir sıra mühüm islahatlara imza atdı. Qadınlara seçki hüququnun verilməsi, milli ordu və təhsil sisteminin formalaşdırılması, dövlət atributlarının təsis olunması bu cümhuriyyətin qısa, lakin şərəfli fəaliyyətini sübut edir. Azərbaycan Xalq Cümhuriyyəti yalnız 23 ay fəaliyyət göstərdi, lakin onun ideyaları xalqımızın yaddaşında daim yaşadı. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik qazandıqda, AXC-nin irsi əsas götürüldü və bu dövlətin varisi olaraq müstəqil Azərbaycan Respublikası formalaşdı. Bu prosesdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. O, ölkəyə rəhbərlik etdiyi dövrdə AXC-nin tarixi əhəmiyyətini dəfələrlə vurğulamış, həmin dövrün ideyalarını yaşatmaq üçün mühüm addımlar atmışdır. Ulu öndər Heydər Əliyev müstəqillik anlayışını yalnız dövlət bayrağı və atributları ilə deyil, həm də güclü, sabit və inkişaf edən dövlət quruculuğu ilə izah edirdi. Onun siyasi uzaqgörənliyi nəticəsində Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu təmin olundu. 28 Mayın dövlət səviyyəsində qeyd olunması da məhz Heydər Əliyevin təşəbbüsü ilə baş verdi. O, bu günü Azərbaycan dövlətçiliyinin əsas təməl daşlarından biri kimi qiymətləndirirdi. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. İlham Əliyev dəfələrlə çıxışlarında qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim tariximizin parlaq səhifəsidir və biz bu dövlətin varisiyik. Onun rəhbərliyi ilə müasir Azərbaycan dövləti siyasi və iqtisadi cəhətdən daha da güclənmiş, beynəlxalq aləmdə nüfuzunu artırmışdır. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirib çıxardı və müstəqilliyimizin möhkəmləndirilməsində yeni mərhələ yaratdı. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli şəkildə qeyd olundu. Bu münasibətlə ölkədə və xaricdə silsilə tədbirlər təşkil olundu, tariximizin bu parlaq səhifəsi dünya ictimaiyyətinə tanıdıldı. Bu addımlar milli irsə və tarixə verilən önəmin bariz nümunəsidir. Bu gün 28 May – Müstəqillik Günü həm də gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanması, milli kimliyin və dövlətçilik şüurunun möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Gənclərin milli ruhda tərbiyə olunması, onların tariximizi və dəyərlərimizi dərindən bilməsi dövlətimizin siyasətinin əsas istiqamətlərindən biridir. İlham Əliyevin rəhbərliyi ilə aparılan təhsil, mədəniyyət və gənclər siyasəti bu istiqamətdə mühüm rol oynayır. Müstəqil Azərbaycanın bugünkü uğurları, iqtisadi inkişafı, siyasi sabitliyi və beynəlxalq aləmdə möhkəmlənən mövqeyi 1918-ci ildə əsası qoyulan idealların davamıdır. 28 May – Müstəqillik Günü xalqımızın qürurla qeyd etdiyi bir gündür. Bu gün həm tarixə ehtiramın, həm də gələcəyə inamın simvoludur. Bu əlamətdar gündə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən bütün qəhrəmanları dərin ehtiramla yad edirik. Müstəqilliyimiz daim olsun, Azərbaycan xalqı əbədi azad və xoşbəxt yaşasın!

Sahil Əliyev,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button