AnalitikaGündəmSiyasət

28 May – Müstəqillik Günü xalqın keçmişinə bağlılığı və gələcəyə olan inamının simvolu kimi rəsmi şəkildə qeyd olunmağa başlandı

28 May tarixi Azərbaycan xalqının milli azadlıq uğrunda apardığı mübarizənin simvolu, dövlətçiliyimizin bərpasının və müstəqil Azərbaycanın əsasının qoyulduğu gündür. Hər il ölkəmizdə böyük qürur və ehtiramla qeyd olunan bu gün 1918-ci ildə müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi ilə əlamətdardır. XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verən siyasi proseslər, xüsusilə Birinci Dünya Müharibəsi və Rusiyada baş vermiş 1917-ci il Fevral və Oktyabr inqilabları Qafqazda yeni siyasi güclərin formalaşmasına səbəb oldu. Çar Rusiyasının süqutundan sonra Qafqaz xalqları müstəqil idarəçilik qurumları yaratmaq imkanına sahib oldular. 1918-ci il 28 may tarixində Tiflis şəhərində Müsəlman Milli Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması elan olundu. Beləliklə, Azərbaycan Şərqdə ilk dəfə olaraq demokratik, parlamentli respublika modelini təqdim etdi. Cümhuriyyətin ilk rəhbəri M.Ə.Rəsulzadə olmuşdur. Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqın istiqlal ideyasını yaşatdı və gələcək nəsillərə müstəqillik arzusu aşıladı. 1920-ci il aprelin 28-də AXC bolşevik Rusiyası tərəfindən işğal olundu və Azərbaycanın müstəqilliyinə son qoyuldu. Lakin müstəqillik ideyası xalqın yaddaşında yaşamağa davam etdi. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə Azərbaycan öz istiqlaliyyətini yenidən bərpa etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Beləliklə, 28 May – Müstəqillik Günü xalqın keçmişinə bağlılığı və gələcəyə olan inamının simvolu kimi rəsmi şəkildə qeyd olunmağa başlandı. Bu gün müasir Azərbaycanın dövlətçiliyinin tarixi təməlidir. 28 May, eyni zamanda, milli kimliyin, demokratik dəyərlərin və müstəqillik arzularının simvoludur. Azərbaycanın dünya ölkələri arasında öz sözünü deyən müstəqil dövlət kimi tanınmasında bu günün rolu misilsizdir. 28 May – Müstəqillik Günü yalnız tarixi bir hadisə deyil, həm də xalqımızın azadlıq iradəsinin, dövlətçilik ənənəsinin və milli birliyinin təcəssümüdür.

Nərmin Məmmədova,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button