AnalitikaGündəmSiyasət

28 May – milli azadlıq arzularımızın reallaşdığı gündür

  28 May – Müstəqillik Günü Azərbaycan Respublikasında qeyd olunan əlamətdar və milli bayramdır. Şərqdə və müsəlman aləmində ilk demokratik respublikanın — 28 may 1918-ci ildə elan olunmasının ildönümüdür. 28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən İstiqlal Bəyannaməsi qəbul olunaraq, Azərbaycan Xalq Cümhuriyyəti elan edildi.

1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan müstəqilliyini yenidən bərpa etdi və 28 May yenidən Müstəqillik Günü kimi qeyd olunmağa başladı. 28 may artıq rəsmi qeyri-iş günü kimi tanınıb və Respublika Günü əvəzinə Müstəqillik Günü adlandırılıb.

Milli dövlətçilik ənənələri — bir xalqın və ya millətin əsrlər boyu formalaşdırdığı, öz dövlət quruculuğu, idarəetmə sistemi, hüquq normaları, milli-mənəvi dəyərləri və suverenlik prinsiplərinə əsaslanan ənənələr toplusudur. Azərbaycan xalqının da zəngin və dərin köklərə malik dövlətçilik ənənələri mövcuddur.

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı, Azərbaycanın müstəqilliyini və dövlətçiliyini qoruyub saxlamasında, möhkəmləndirilməsində və inkişaf etdirilməsində həlledici rol oynayıb. Onun rəhbərliyi altında Azərbaycan xaos və parçalanmadan çıxaraq güclü, sabit və gələcəyə yönəlmiş bir dövlətə çevrildi. 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi real təhlükə altına düşmüşdü: siyasi böhran, separatizm, xarici təzyiqlər, Qarabağ müharibəsi, iqtisadi çöküş.1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə siyasi sabitlik yaratdı, dövlət strukturlarını bərpa etdi, parçalanmanın qarşısını aldı.Onun sarsılmaz siyasi iradəsi nəticəsində ölkədə anarxiya və vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı.Dövlətin idarəetmə institutları – Prezidentlik, parlament, məhkəmə sistemi formalaşdı və gücləndirildi.Ordu quruculuğu geniş vüsət aldı və Azərbaycan Silahlı Qüvvələri formalaşdı.

Demokratik ənənələrin təməlinin qoyulması — hər bir xalqın milli inkişaf yolunda mühüm mərhələdir. Azərbaycanda demokratik dəyərlərin formalaşması və inkişafı qədim dövlətçilik ənənələrindən qaynaqlansa da, bu sahədə əsaslı addımlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə və Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində atılmışdır.1991-ci ildə dövlət müstəqilliyi bərpa edildikdən sonra, real demokratik institutların qurulması olduqca çətin və ziddiyyətli şəraitdə aparılırdı. Ölkədə xaos, separatizm və siyasi böhran hökm sürürdü. Bu şəraitdə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə demokratiyanın inkişafı üçün əsaslı addımlar atıldı.

1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası “İstiqlaliyyət Bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

Uzun müddət, yəni sovet dövründə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları və onların fəaliyyəti qadağan olunmuşdur. Hətta Azərbaycan tarixçilərinə də Azərbaycan Xalq Cümhuriyyətinin adının çəkilməsi qadağan edilmişdir. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bütün qadağalara son qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün dövlət rəmzləri və himni bərpa edildi.

Cümhuriyyətin adının özünə qaytarılması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqillik dövründə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı arxiv materialları açıldı, elmi işlər reallaşdı, həqiqətlər ortaya çıxdı. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin Vətən tarixində yenidən bərpasına xüsusi qiymət verən Heydər Əliyev deyib: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu bizim milli bayramımızdır”.

Heydər Əliyev öz çıxışlarından birində qeyd edib: “Bu gün – bu bayram günü biz Azərbaycanda ilk Demokratik Respublikanın qurulmasında və fəaliyyət göstərdiyi xidmətlərə görə M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, F.Xoyskiyə, onların silahdaşlarına bir daha öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk. Onların gördüyü işlər Azərbaycan xalqının bu günü üçün çox böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bizim üçün həmişə əziz olacaq. Onların xatirəsi bizim qəlbimizdə daim yaşayacaq”.

Ulu Öndərin bu siyasətini hazırda Prezident İlham Əliyev davam etdirir. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Respublika Günü 1991-cı ildən – dövlət müstəqilliyinin bərpasından sonra – dövlət bayramı kimi qeyd olunur. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.

Günel Əlizadə,
Yeni Azərbaycan partiyası,məsləhətçi                                                  

Oxşar Xəbərlər

Back to top button