
Həmin gün Azərbaycanın ilk demokratik və müstəqil dövləti – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Bu hadisə yalnız Azərbaycanın deyil, bütün Şərq dünyasının ictimai-siyasi həyatında dönüş nöqtəsi oldu. Parlamentli respublika modelində qurulan bu dövlət, regionda ilk dəfə olaraq xalqın iradəsinə əsaslanan idarəetmə sistemini tətbiq etdi.Azərbaycan Xalq Cümhuriyyəti çox qısa – cəmi 23 ay yaşadı. Lakin bu qısa zaman ərzində görülən işlər dövlətçilik tariximizdə böyük iz buraxdı. Qadınlara seçki hüququnun verilməsi, dövlət atributlarının – bayraq, gerb və himnin qəbul olunması, milli ordu quruculuğu, hüquqi sistemin yaradılması, Bakı Dövlət Universitetinin təsis olunması və digər islahatlar bu dövrün mühüm addımları idi. Azərbaycanın dünya birliyində tanıdılması istiqamətində də əhəmiyyətli səylər göstərildi. 1919-cu ildə Paris Sülh Konfransında iştirak ölkənin beynəlxalq arenaya çıxışının ilk nümunələrindən biri oldu.1920-ci ilin aprelində sovet ordusunun Bakıya daxil olması ilə Azərbaycan müstəqilliyini itirdi. Amma Azərbaycan Xalq Cümhuriyyətinin ideyaları xalqın yaddaşından silinmədi. Bu ideyalar milli kimliyimizin bir hissəsinə çevrildi və illərlə qorundu. 1991-ci ildə SSRİ-nin dağılması ilə Azərbaycan yenidən müstəqilliyini bərpa edəndə, məhz 1918-ci ildə yaradılan Cümhuriyyətin siyasi və mənəvi mirası əsas götürüldü.Yeni müstəqillik dövrü çətinliklərlə başlasa da, ümummilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və təcrübəsi sayəsində dövlətçiliyimiz qorundu, sabitlik və inkişaf təmin olundu. O dövrdə dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, iqtisadiyyatın dirçəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində atılan addımlar bu gün də öz bəhrəsini verməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt davam etdirilərək, Azərbaycan həm regional, həm də qlobal miqyasda öz gücünü və nüfuzunu daha da artırdı.2020-ci ildə Vətən müharibəsində əldə olunan tarixi Qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Bu Zəfər, eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin arzuladığı bütöv və suveren dövlət idealının reallığa çevrilməsi demək idi. Artıq Azərbaycan öz sərhədləri daxilində tam suverenliyə malik güclü dövlətdir.28 May bu gün sadəcə tarixi xatırlamaq deyil, həm də xalqın iradəsinin, azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin, milli kimliyimizin və dövlətçilik iradəmizin yaşadılması deməkdir. Bu gün biz təkcə keçmişi anmırıq, eyni zamanda gələcəyimizə daha güclü inamla baxırıq.Tarixi unutmadan gələcəyə doğru irəliləmək – bu, 28 Mayın bizə verdiyi ən böyük dərs və vəsiyyətdir. Azərbaycan xalqı bu dəyəri hər zaman qoruyacaq və onu gələcək nəsillərə daha da gücləndirilmiş şəkildə ötürəcək
Rəna Süleymanlı,
Yeni Azərbaycan Partiyası, məsləhətçi