27 Sentyabr- Zəfər dastanının yazıldığı ilk səhifə

Hər bir xalqın tarixində elə müqəddəs məqamlar var ki, onlar həmin xalqın əbədiyaşarlığını və ruhunun gücünü təmin edir. Azərbaycan xalqı üçün 27 Sentyabr Anım Günü məhz belə dərin mənəvi məna daşıyan, göz yaşı ilə qürurun qovuşduğu gündür.
Vətən müharibəsi zamanı canlarını fəda edən igidlərimiz həm də mərdlik, fədakarlıq və şərəf dastanı yazdılar. Onlar ölümün gözünə dik baxaraq, torpaqlarımızın azadlığı uğrunda heç bir çətinlikdən çəkinmədilər. Hər bir şəhidin keçdiyi döyüş yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbinə çevrildi.
Dövlətimiz tərəfindən hər bir şəhidimizin xatirəsi uca tutulur, onların göstərdiyi igidliklər dövlət səviyyəsində qiymətləndirilir. Prezident İlham Əliyev çıxışlarında şəhidlərimizin əziz xatirəsinin hər zaman uca tutulacağını qətiyyətlə bildirmişdir.
“Bizim şəhidlərimiz bizim qürur mənbəyimizdir, onların qəhrəmanlığı heç vaxt unudulmayacaq və nəsillərdən-nəsillərə ötürüləcəkdir,” – deyə dövlət başçısı qeyd etmişdir.
Şəhidlərin qanı ilə suvarılmış bu torpaqlar artıq bizim üçün daha əziz, daha müqəddəsdir. Sentyabrın 27-də ölkənin hər yerində – şəhərlərdə, kəndlərdə və qəsəbələrdə insanlar şəhidlərin ruhuna ehtiram nümayiş etdirirlər. Saat 12:00-da elan olunan bir dəqiqəlik sükut zamanı bütün ölkə demək olar ki, ayağa qalxır və qəhrəmanlarını yad edir. Avtomobillər səs siqnalları verir, piyadalar dayanır, hər kəs şəhidlərin xatirəsi qarşısında baş əyir. Bu mənzərə xalqımızın öz tarixinə, qəhrəman övladlarına olan sonsuz ehtiramının və sevgisinin təzahürüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə verilən dəstək tədbirləri hər il daha da genişləndirilir. “Şəhidlərimizin ailələri bizə əmanətdir və onlara qayğı göstərmək hər bir dövlət məmurunun və vətəndaşın borcudur,” – deyə Prezident vurğulamışdır. Bu qayğı siyasəti Azərbaycan dövlətinin sosialyönümlü və humanist siyasətinin bariz nümunəsidir.
27 Sentyabr Anım Günü yalnız şəhidlərimizi yad etmək deyil, həm də həyatlarını və sağlamlıqlarını Vətən üçün fəda edən qazilərimizə ehtiram göstərmək günüdür. Vətən müharibəsində döyüşərək ağır yaralanan, lakin ruh düşkünlüyünə uğramayan qazilərimiz cəmiyyətimizin ən hörmətli üzvləridir. Onların hər biri döyüş meydanında göstərdiyi igidlikləri ilə Azərbaycanın hərb tarixinə adlarını qızıl hərflərlə yazdırdılar.
Qəhrəman şəhidlərimizin övladları dövlətin xüsusi nəzarəti və qayğısı altında böyüyür, təhsil alırlar. Onların hər biri gələcəkdə valideynlərinin adına layiq layiqli vətəndaşlar kimi formalaşacaqlar.
Azərbaycan xalqı şəhidlərinə olan borcunu heç vaxt unutmayacaq və onların ruhunu hər zaman uca tutacaqdır.
Tanrı bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!
Səbirə Həsənova,
Nizami rayonu 10 saylı məktəbin direktor müavini



