27 sentyabr-Qələbə salnaməsinin ilk günüdür

Azərbaycan xalqı sülhsevəndir, qonaqpərvər millətdir, ona görə də ölkəmizdə müxtəlif dinə, irqə məxsus, müxtəlif etnik tərkibli millətlər paralel olaraq sülh şəraitində yaşayırlar. 2016-ci ildə Prezidentinin Sərəncamı ilə “Multikulturalizm ili” elan edilməsi bunu bir daha əyani şəkildə sübut edir. Lakin mərdliyi, qonaqsevərliyi ilə seçilən millətimiz dəfələrlə haqsız zülmlərə, soyqırımlara, haqsızlığa məruz qalmışdır. Azərbaycan xalqı ermənilər tərəfindən bir əsrdə iki dəfə (1918-ci ilin martı, 1992-ci ilin fevralı) dəhşətli qətliama, soyqırıma məruz qalmışdır, yəni, Azərbaycan tarixinin qanlı yaddaşına nəzər salsaq görərik ki, xalqımız erməni təcavüzünə bir neçə dəfə məruz qalıb.
Azərbaycan dövlətinə məxsus olan Qarabağ torpağına ermənilər haqsız olaraq öz torpaqları kimi (sanki qədimdən ermənilərə xas imiş kimi) sahib çıxmaq istədilər. Baxmayaraq ki, “Azərbaycan SSR–in Ağdərə rayonunun (Mardaket) Marağa kəndində (indiki Şıxarx) İrandan ilk 200 erməni ailəsinin köçürülməsinin 150 illiyi münasibətiylə 1978–ci ildə abidə ucaldılmış və onun üzərində ermənicə “Marağa-150” yazılmışdır. 1988-ci ildə ermənilərin Azərbaycana ərazi iddiaları başlayanda abidə dağıdılmışdır” 90-ci illərdən etibarən ermənilərin haqsız olaraq başladığı torpaq iddiası Qarabağda yaşayan əhalimizə, gənc respublikamıza sağalmaz yaralar vurdu, dərin hüznlü izlər buraxdı. Bu izlər 2020-ci ilin 27 sentyabrından etibarən hörmətli Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatının həyata keçirilməsi ilə sağalmağa başladı.
27 sentyabr 2020-ci il tarixindən 30 ilə yaxın erməni dəhşətlərinə məruz qalan işğal olunmuş ərazilərimiz hörmətli Ali Baş Komandanımız İlham Əliyevin və igid əsgərlərimizin birgə səyi ilə “Qarabağ Azərbaycandır” şüarı altında qondarma separatçı rejimindən azad edilməyə başlandı. Bu doğru yolumuzda bizə mənəvi dayaq olan əziz türk millətinə, başda Türkiyə Respublikasının prezidenti, Türkiyənin baş Naziri Rəcəb Tayyib Ərdoğan olmaqla, onlara dərin təşəkkürümüzü bildiririk. Həmçinin vəziyyətə real qiymət verərək haqq tərəftarı olan və mənən bizim yanımızda olduğu İzrail və Pakistan xalqına dərin təşəkkürümüzü bildiririk.
44 günlük müharibə dövründəki bizim haqlı qələbəmiz sosial media məkanında da bizim uğurumuzla nəticələndi və ölkəmizə aid reallıqlar virtual məkanda da dünya ictimaiyyətinə düzgün çatdırıldı. Müasir dövrdə informasiya emalı texnologiyalarından çox güclü təbligat vasitəsi və bəzəndə təzyiq vasitəsi kimi də istifadə olunmasını praktiki olaraq xüsusilə ölkəmizdə aparılan Qarabağ müharibəsində görmüşük. 44 günlük müharibə dövründə ermənilər tərəfindən terroru, mülki əhaliyə, günahsız körpələrə vurduğu zərərləri onlar dünya mətbuatında özlərinə dəyən zərər kimi işıqlandırmağa çalışırdılar. Ermənilər mülki əhaliyə qarşı fosfor tərkibli sursatdan, raketlərdən istifadə edirdilər, bu isə özü böyük bir cinayətdir. Ermənilər tərəfindən atılan qadağan olunmuş mərmilərin, ölüm saçan kimyəvi silahların, ballistik və kasetli paketlərin partlaması nəticəsində münaqişə zonasından uzaqda yaşayan günahsız insanların faciəvi şəkildə ölümü baş vermişdir. Belə hücumlar nəticəsində, müharibə zonasından kənarda yaşayan 11 azyaşlı uşaq, 27 qadın olmaqla, 92 nəfər mülki şəxs həlak olmuş, 400-dən artıq mülki şəxs yaralanmış, 3064 ev, 100 çoxmənzilli yaşayış binası, 504 mülki obyekt yararsız vəziyyətə düşmüşdür. Törətdikləri cinayətləri isə saxta videoları, müxtəlif yalanları, əks informasiyaları ilə dünyaya özlərininki kimi təqdim edirdilər.
44 günlük müharibə dövründə ermənilər ordumuzda ruh düşkünlüyü yaratmaq üçün yalan məlumat, saxta videolar yayırdılar. Məsələn, Xankəndi yaxınlığında fosfor bombası anbarının Azərbaycan ordusu tərəfindən partladılmasına baxmayaraq erməni media nümayəndələri virtual informasiya məkanında bunu Azərbaycanın hərbi bazasının ermənilər tərəfindən partladılması kimi qələmə verməyə çalışırdılar. Bu cür saxta və ziddiyyətli məlumatlara, kirli informasiyalara inanan bəzi media nümayəndələri, təşkilatları, agenlikləri (məsələn, “Amnesty International” və “Human Rights Watch” təşkilatları) təəsüflər olsun ki, real hadisələri yalnız ermənistan tərəfindən işıqlandırırdılar. Bu onu göstərir ki, informasiya emalı texnologiyaları yalnız informasiya vermək üçün deyil, eyni zamanda təbliğat və təzyiq vasitəsi kimi də istifadə olunur. Ermənilər öz saxtakarlıqlarının üzə çıxmaması üçün hər şeyə əl atirlar. Fransanın tanınmış TF1 televiziya kanalının müxbiri Liseron Budul Dağlıq Qarabağdan veriliş hazırlamış və burada yalnız real hadisələri işıqlandırmışdır.
Ermənilər çox gözəl bilirdilər ki, bu torpaqlar bizimdir, ona görə də orada tikinti aparmaq əvəzinə tikintiləri tamamilə dağıdaraq, yerlə yeksan edirdilər. Bunu əsir düşmüş ermənilərdə təsdiq edir. Əsir düşmüş erməni pastorun dediklərindən: – Hovsep Saakyan Araratoviçl – “Erməni əsgərlərini silahı yerə qoymağa çağırıram, çünki onlar başqasının torpağında vuruşurlar”.
Ermənilər qəsdli şəkildə Qarabağ münaqişələrinin sərhədlərini genişləndirmək istəyirlər. Onlar yalnız insanlara deyil, ana təbiətə qarşı da ekoloji terror aparmışlar.Bununla əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2020-ci il noyabrın 6-da Qarabağ bölgəsində və dinc əhalinin yaşadığı digər rayonlarda ermənilərin torpağımızın təbii resurslarını talan etməsi, 2 əsrlik tarixi olan ağacları qırması, meşələri yandırması və s. barədə dünya ictimaiyyətini məlumatlandırmaq üçün “Ermənistanın Azərbaycana qarşı ekoloji terroru” adlı onlayn dəyirmi masa keçirmişdir.
Artıq 90-cı illərdə olduğu kimi birtərəfli müharibə getmir. Hazırda Azərbaycan Respublikası optik texnologiyalar bazasında inkişaf edən ölkələr sırasında yer tutur və Qafqaz regionu üzrə ilk kosmik sənaye ölkəsidir. Azərbaycan tərəfi istər sosial mediada və ya kütləvi informasiya medialarında xüsusi aktivlik göstərərək, informasiyaların şəffaf, düzgün, real ötürülməsini təmin etməyə çalışırlar. Ermənilər artıq cəbhədə olduğu kimi informasiya müharibəsində də uduzur.
Baş komandanımız və cəsur, igid əsgərlərimizin birgə səyi ilə Qarabag torpağı tarixən məxsus olduğu Azərbaycana qaytarıldı. 2020-ci il noyabrın 8-də Qarabağın tacı Şuşa rayonu Baş Komandanın düzgün siyasəti və igid əsgərlərimizin qəhrəmanlıq şücaətilə işğaldan azad edidi.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-na qədər davam edən İkinci Qarabağ müharibəsi (“Dəmir Yumruq” əməliyyatı) Azərbaycanın qələbəsi ilə bitdi və Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini Ermənistan işğalından azad etdi.
Müqəddəs Şəhid qanı ilə yuyulmuş Qarabağ Azərbaycandır!
Tarix yazıb tarixə sığmayan Şəhidlərimiz ölməzdir, onlar bizimlə yaşayır və yaşayacaqdır.
Aynur Cəlil,
Xəzər rayonu, R.Qasımov adına 216 nömrəli tam orta məktəbin tarix müəllimi