AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr- hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi

2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Azərbaycan cəmiyyətinin qırılmaz tellərlə bir-birinə bağlı olduğunu bütün dünyaya sübut etdi. Arxa cəbhədə hökm sürən birlik və həmrəylik ön cəbhədə vuruşan əsgərlərimiz üçün ən böyük mənəvi dəstək və güc mənbəyi oldu.

“Dəmir Yumruq” ifadəsi sadəcə hərbi termin deyil, həm də xalqımızın və dövlətimizin monolit birliyinin simvoluna çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət bu tarixi Zəfərin əsas təməlini qoydu.Müharibə dövründə cəmiyyətin bütün təbəqələri – qocası, gənci, müxtəlif siyasi baxışlara sahib insanları milli məfkurə ətrafında birləşdi.Xalqımız bir amala köklənmişdi: ya qələbə, ya ölüm; başqa yol yox idi, çünki haqq bizim tərəfimizdə idi. Dövlət başçısı hər zaman çıxışlarında xalqımızın bu misilsiz həmrəyliyini yüksək qiymətləndirmişdir.

“Bizim birliyimiz bizim gücümüzdür. Əgər bu birlik olmasaydı, biz bu tarixi qələbəni əldə edə bilməzdik,” – deyə Prezident İlham Əliyev qeyd etmişdir.

27 sentyabr günü hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir. Artıq 6-cı ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Anım Günü milli birliyin, həmrəyliyin və qəhrəmanlığın təntənəli şəkildə yad edildiyi müqəddəs bir gündür. Sentyabrın 27-də hər bir azərbaycanlı evindən, iş yerindən asılı olmayaraq şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edir. Bu ümumxalq ehtiramı cəmiyyətimizin mənəvi saflığının və vətənpərvərlik duyğularının nə qədər dərin olduğunun göstəricisidir.

Bu gün şəhidlərimizin valideynləri, övladları və yaxınları hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhid ailələri və qazilərlə görüşlərdə onların problemlərini şəxsən nəzarətdə saxlayırlar. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ölkə miqyasında mühüm tədbirlər həyata keçirilir, abidələr ucaldılır. “Şəhidlərimizin xatirəsi bizim üçün əzizdir və onların ailələri hər zaman dövlətin diqqət mərkəzində olacaqdır,” – deyə Prezident dəfələrlə vurğulamışdır.

Bu diqqət Azərbaycan dövlətinin öz vətəndaşına, qəhrəmanına verdiyi dəyərin bariz nümunəsidir. Anım Günü həm də gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan əvəzsiz bir dərsdir. Məktəblərdə, ali təhsil müəssisələrində bu günə həsr olunmuş xüsusi dərslər keçirilir, qəhrəmanların həyat yolu öyrədilir.

Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmayacaq və onların adını əbədi olaraq ürəyində yaşadacaqdır. Qüdrətli dövlətimiz və müzəffər ordumuz olduğu müddətcə xalqımızın başı həmişə uca olacaqdır.

Lalə Müseyibova,
Nizami rayonu 210 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button