AnalitikaGündəmSiyasət

27 Sentyabr – Anım Günü: Zəfərə gedən yolun qəhrəmanlıq salnaməsi

27 Sentyabr – Anım Günü Azərbaycan xalqının Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramını ifadə edən müqəddəs tarixdir. Bu gün Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsi ehtiramla yad edilir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Anım Günü ilə əlaqədar müraciətində şəhidlərimizin ruhu qarşısında baş əyərək demişdir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm.”

Dövlət başçısının qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıq artıq dastana çevrilmişdir. Bu dastanın hər sətrində Vətən sevgisi, hər səhifəsində şəhidlərimizin müqəddəs adı vardır.

Rəsmi İrəvanın işğalçı siyasəti və saxtakarlığı müharibəni qaçılmaz etdi

Azərbaycan torpaqlarının uzun illər işğal altında saxlanılması, insanların doğma yurdlarından didərgin salınması, yaşayış məntəqələrinin dağıdılması və tarixi-mədəni irsin məhv edilməsi bölgədə davamlı gərginlik yaratmışdır.

Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışmış, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyini ardıcıl şəkildə ifadə etmişdir. Lakin işğalın davam etdirilməsi və hərbi təxribatlar vəziyyəti daha da gərginləşdirmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərini və yaşayış məntəqələrini atəşə tutması ilə başlayan genişmiqyaslı hərbi qarşıdurma 44 günlük Vətən müharibəsinə çevrildi. Azərbaycan Ordusu əks-hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərin azad edilməsinə nail oldu.

“İkili standartlar” siyasəti

Azərbaycan uzun illər ərzində beynəlxalq ictimaiyyətin diqqətini işğal faktına, məcburi köçkünlərin hüquqlarının pozulmasına və ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyinə yönəltmişdir.

Azərbaycanın mövqeyi ondan ibarət idi ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə münasibətdə eyni meyarlarla tətbiq olunmalıdır. Lakin münaqişənin həllinin uzun müddət nəticəsiz qalması cəmiyyətdə ciddi narazılıq doğururdu.

2020-ci il Vətən müharibəsində qazanılan Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratdı.

Sülhsevər və tolerant Azərbaycan xalqının “səbir kasasına” son qoymuş hərbi təxribat

Azərbaycan xalqı hər zaman sülhün, sabitliyin və əmin-amanlığın tərəfdarı olmuşdur. Lakin uzun illər davam edən işğal və hərbi təxribatlar bölgədə sülh və təhlükəsizliyə ciddi təhdid yaratmışdır.

27 sentyabr 2020-ci ildə törədilən genişmiqyaslı hərbi təxribat Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başlamasına səbəb olmuşdur. Həmin gündən etibarən Azərbaycan xalqı və Ordusu vahid amal – torpaqlarımızın azadlığı uğrunda bir yumruq kimi birləşmişdir.

Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – “Öldü var, döndü yoxdur”

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının milli həmrəyliyinin və dövlətçilik ətrafında birliyinin parlaq nümunəsinə çevrildi. Cəbhədə əsgər və zabitlərimiz, arxa cəbhədə isə milyonlarla vətəndaşımız eyni məqsəd uğrunda səfərbər oldu.

“Öldü var, döndü yoxdur” ifadəsi həmin günlərdə Azərbaycan əsgərinin Vətən qarşısındakı qətiyyətinin və döyüş əzminin rəmzinə çevrilmişdi.

Hər bir şəhid xəbəri xalqımız üçün ağır itki olsa da, azad edilən hər bir yaşayış məntəqəsi böyük qürur hissi ilə qarşılanırdı. Bu birlik və həmrəylik Zəfərin mühüm mənəvi dayaqlarından biri oldu.

Dövlət hər zaman öz əsgərinin yanındadır

Azərbaycan dövlətinin siyasətində ordunun gücləndirilməsi, hərbi qulluqçuların, şəhid ailələrinin və qazilərin sosial müdafiəsi xüsusi yer tutur.

Prezident İlham Əliyevin “Biz bu Qələbəyə görə onlara borcluyuq” fikri şəhidlərimizin və qazilərimizin Vətən qarşısındakı xidmətinə verilən yüksək qiymətin ifadəsidir.

Müharibədən sonra da bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilmiş, şəhid ailələrinin və qazilərin sosial problemlərinin həlli dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.

Bütün qazilərə və şəhid ailələrinə dövlət tərəfindən hərtərəfli qayğı

Şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı onların Vətən qarşısındakı xidmətinə verilən yüksək dəyərin ifadəsidir. Mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğun təmin edilməsi, tibbi və sosial reabilitasiya, müvafiq vasitələrlə təminat və digər sosial tədbirlər bu siyasətin mühüm istiqamətlərindəndir.

Bu qayğının əsas məqsədi şəhid ailələrinin və qazilərin sosial müdafiəsini gücləndirmək, onların qarşılaşdıqları problemlərin həllinə sistemli yanaşmanı təmin etməkdir.

27 Sentyabr – Anım Günü bizi yalnız keçmişi xatırlamağa deyil, şəhidlərimizin müqəddəs xatirəsini yaşatmağa və onların Vətən qarşısındakı fədakarlığını gələcək nəsillərə çatdırmağa çağırır.

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərə dərin ehtiramın ifadəsidir.

Şəhidlərimizin adı Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır. Onların qəhrəmanlığı, Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi tariximizin ən şərəfli səhifələrindəndir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin əziz qarşısında baş əyirik!   

Sevinc Rəsulova,
Yeni Azərbaycan Partiyası Bakı Şəhəri üzrə Təhsil İdarəsi İlk Partiya Təşkilatının sədri

 

Oxşar Xəbərlər

Back to top button