
Beş il öncə,27 sentyabr 2020-ci il Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Bu əməliyyat 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı idi. Həmin günlər xalqımızın həm döyüş meydanında, həm də arxa cəbhədə bir yumruq kimi birləşməsinin parlaq nümunəsinə çevrildi.
Prezident İlham Əliyev o günlərdə xalqa müraciətində deyirdi: “Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır.” Bu sözlər həm xalqımıza inam, həm də igidlərimizə hörmətin ən ali ifadəsi idi.
Qısa müddətdə Azərbaycan Ordusu böyük uğurlara imza atdı, strateji əhəmiyyətli şəhər və rayonlarımız işğaldan azad edildi. Bu zəfər yalnız hərbi gücün deyil, həm də milli həmrəyliyin, dövlət və xalq birliyinin nəticəsi idi. 8 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatla müharibə rəsmi olaraq başa çatdı və Azərbaycanın tarixi qələbəsi təsdiqləndi.
Bu qələbənin qazanılmasında ən böyük pay qəhrəman vətən övladlarına məxsusdur. 44 günlük müharibədə 3 mindən çox igidimiz şəhidlik zirvəsinə ucaldı. Onların göstərdiyi fədakarlıq və igidlik tariximizin qızıl səhifəsinə yazıldı. Hər bir şəhid xalqımız üçün əbədi qəhrəman, gələcək nəsillər üçün isə örnəkdir. Qazilərimizin döyüş meydanında göstərdiyi rəşadət isə vətənpərvərliyin ən ali nümunəsidir.
27 sentyabr bu gün həm hüzn, həm də qürurla xatırlanır. Biz igidlərimizi itirməyin ağrısını yaşayırıq, amma eyni zamanda qalib xalq olmağın sevincini də qəlbimizdə daşıyırıq. Bu gün Azərbaycanın hər qarışı şəhid qanı ilə suvarılıb və bizə əmanət olunub. Bu əmanəti qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər birimizin müqəddəs borcudur.
27 sentyabr – Anım Günü xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə minnətdarlığımızı bildiririk. Onların göstərdiyi şücaət və qəhrəmanlıq daim hörmət və ehtiramla yad ediləcək. Azad Qarabağ isə bu igidlərin bizə qoyduğu müqəddəs mirasdır. Allah şəhidlərimizə rəhmət eləsin.
Nərmin Nəbiyeva
Siyəzən bələdiyəsinin sədr müavini: