AnalitikaGündəm

27 ildən sonra işğaldan azad olunmuş Cəbrayıl

Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 4-cü ildönümüdür. Vətən müharibəsi zamanı  Müzəffər Ordumuz 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili , Çaxırlı , Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1  şəhər və 80 kənd işğaldan azad edildi. Bununla da, Cəbrayıl rayonu 27 ildən sonra düşməndən geri alındı. Üstəlik , Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir.

Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk rayon mərkəzi olmuşdur.  Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. 4 Oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşüb. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra 2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə şanlı Azərbaycan bayrağını qaldırıb.

İşğaldan azad olunan ilk ərazilərə – Füzuli və Cəbrayıla səfər edən dövlət başçısı Şuşa şəhərinə yol çəkilişi ilə bağlı elə həmin gün göstəriş verdi. Bununla da Zəfər yolunun başlanğıcı qoyuldu. Torpaqlarımız işğaldan azad olunduqdan sonra minatəmizləmə əməliyyatları həyata keçirildikcə , Prezidentin tapşırığı ilə həmin ərazilərdə yenidənqurma və bərpa işlərinə başlandı.

Cəbrayılın azad olunmasının ilk ilində Prezident İlham Əliyev rayona səfər edərək təməlqoyma tədbirlərində iştirak etdi. Belə ki, həmin gün Cəbrayılda “KAMaz” ASC ilə “Gəncə Avtomobil Zavodu ”  İstehsalat Birliyinin birgə servis mərkəzinin , Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının , Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin əsası qoyuldu.

İşğal zamanı məhv edilən , daşı daş üstündə qalmayan ərazilərimizdən biri də Cəbrayıl idi. Ermənilər hər şeyi vəhşicəsinə məhv etmiş , dağıtmışdılar, bununla da ürəkləri soyumamış , təbiətə də ziyan vurmuşlar. Meşələr qırılıb, çayların suyu  çirkləndirilib , hətta əraziləri boşaldanda belə meşələrə od vurmaqdan çəkinməyiblər. Ərazilərimiz minalardan təmizləndikdən sonra qarşıda duran ilk məsələlərdən biri də ağacların əkilməsi , yaşıllıqların bərpası idi.

Bu istiqamətdə Cəbrayıl rayonunda “Türkiyə – Azərbaycan Qardaşlıq Meşəsi”nin , “Təlim – tədris mərkəzi”nin və “Tinglik Sahəsi”nin yaradılması istiqamətində işlərə başlanılıb. Eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad olunmuş ərazilərdə ətraf mühitə vurulmuş ziyanın aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək , əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etməkdir.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” sərancam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən , 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Kərimova Aygül,
Xəzər rayonu , 262 saylı tam orta məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Back to top button