AnalitikaGündəmSiyasət

26 avqust Azərbaycan tarixində Laçın şəhərinin azad olunma günü kimi əbədi qalacaq

Azərbaycan tarixində ən qürurlu səhifələrdən biri 26 avqust – Laçın şəhəri günüdür. Bu gün həm Laçınlılar, həm də bütün Azərbaycan xalqı üçün əbədi qürur mənbəyidir. Çünki Laçın təkcə bir şəhər deyil – o, Azərbaycanın tarixi, mədəniyyəti, əzmkarlığı və dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizəsinin rəmzidir. Laçın rayonu Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Burada aşkar olunan qədim kurqanlar, Qız qalası, Məlik Əjdər türbəsi kimi tarixi abidələr bu torpağın zəngin mədəni irsini sübut edir. Laçın həm də təbii sərvətləri, zəngin flora və faunası, füsunkar təbiəti ilə tanınır. Laçın şəhərinin ən mühüm özəlliyi onun strateji mövqeyidir.

Şəhər Qarabağ ilə Ermənistan arasında təbii keçid rolunu oynayır. Məhz bu səbəbdən 1992-ci ilin mayında Laçının işğalı Azərbaycanın hərbi-siyasi vəziyyətinə ciddi təsir göstərmiş, minlərlə ailə öz evindən didərgin düşmüşdü. O dövrün ağrısı hələ də xalqımızın yaddaşından silinməyib. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altındakı torpaqlarımızı mərhələli şəkildə azad etdi. 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu da Azərbaycana qaytarıldı.

Lakin Laçın şəhəri və bəzi kəndlər bir müddət Rusiya sülhməramlılarının nəzarətində idi. 26 avqust 2022-ci ildə isə Azərbaycan Ordusu Laçın şəhərinə daxil olaraq, dövlət bayrağımızı ucaltdı. Beləliklə, Laçın tam şəkildə Azərbaycanın suveren idarəçiliyinə keçdi. Bu, müasir tariximizin ən önəmli hadisələrindən biri oldu. Laçının azad olunması Azərbaycan əsgərinin, zabitinin, şəhidlərimizin qanı və canı bahasına mümkün oldu. Laçın uğrunda döyüşlərdə yüzlərlə igidimiz qəhrəmancasına şəhid oldu. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. 26 avqust – Laçın şəhəri günü həm də həmin qəhrəmanların ruhuna ehtiramın təcəssümüdür.

Azad olunmuş Laçında bu gün böyük quruculuq işləri həyata keçirilir. Yeni yollar, körpülər, su və enerji xətləri çəkilir, müasir məktəblər və xəstəxanalar inşa olunur. Laçın şəhərində “Ağıllı şəhər” konsepsiyasına uyğun layihələr icra edilir. Artıq Laçına köç prosesi başlanmış, yüzlərlə ailə doğma yurduna qayıtmışdır. Dövlətin həyata keçirdiyi “Böyük Qayıdış” proqramı çərçivəsində yaxın illərdə on minlərlə laçınlı yenidən öz ata-baba torpaqlarında yaşayacaq. 26 avqust təkcə Laçının azad olunma günü deyil, həm də xalqımızın milli qürur günü, əbədi yaddaş tarixidir. Laçın şəhəri günü bizə xatırladır ki, torpaqlar uğrunda şəhid olan qəhrəmanlarımızın qanı yerdə qalmadı, Azərbaycan öz haqlı mübarizəsində qalib gəldi. Bugün Laçında ucalan üçrəngli bayrağımız sabah Qarabağın hər dağında, hər düzündə, hər kəndində əbədi dalğalanacaq.

Orxan Abdullazadə,   
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button