AnalitikaGündəmİdman

2025-ci ilin idman yekunları mərasimi həm də Azərbaycanın gələcəyə baxışını nümayiş etdirdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə etdiyi çıxış ölkəmizin idman siyasətinin mahiyyətini, bu sahədə əldə edilən nailiyyətləri və gələcəyə yönəlik strateji baxışı bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının nitqi yalnız ötən ilin idman nəticələrinin dəyərləndirilməsi baxımından deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi formalaşmasının ideoloji və siyasi əsaslarının ifadəsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, idman Azərbaycan üçün sadəcə yarış və nəticələr toplusu deyil, bu sahə milli gücün, dövlət nüfuzunun və sağlam cəmiyyətin formalaşmasının əsas sütunlarından biridir.

2025-ci ilin idman yekunları mərasimində səsləndirilən ən mühüm məqamlardan biri Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi oldu. Prezident İlham Əliyev bu hadisəni Azərbaycan üçün böyük şərəf və tarixi nailiyyət kimi qiymətləndirdi. Doğrudan da, bu statusun Bakıya verilməsi təsadüfi deyil və uzun illər ərzində ölkəmizdə idmanın inkişafı istiqamətində aparılan məqsədyönlü dövlət siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bu gün dünya miqyasında ən nüfuzlu idman yarışlarına ev sahibliyi edən, müasir idman infrastrukturu ilə seçilən və beynəlxalq idman ictimaiyyətində etibarlı tərəfdaş kimi qəbul olunan ölkədir. Bakı artıq Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 Qran-prisi və digər mötəbər tədbirlərlə öz adını idman tarixində möhkəmləndirib.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Dünyanın İdman Paytaxtı” adının Bakıya verilməsi eyni zamanda Azərbaycanda idmanla bağlı görülən işlərə verilən yüksək qiymətdir. Bu, dövlətin idman siyasətinə beynəlxalq etimadın göstəricisidir. Dövlət başçısı əminliklə vurğuladı ki, Azərbaycan bu şərəfli adı ləyaqətlə daşıyacaq və qarşıdakı dövrdə də idman sahəsində yeni uğurlara imza atacaq. Bu əminlik təsadüfi deyil, çünki ölkədə idmanın inkişafı sistemli xarakter daşıyır və Prezidentin birbaşa nəzarəti altında həyata keçirilir.
Çıxış zamanı idmançıların və idman mütəxəssislərinin mükafatlandırılmasının artıq 30 ilə yaxındır ki, davam edən bir ənənəyə çevrildiyi xüsusi vurğulandı. Prezident İlham Əliyev bu ənənəni çox gözəl və ədalətli bir yanaşma kimi dəyərləndirdi. Doğrudan da, müstəqil Azərbaycanın idman tarixində dövlət tərəfindən idmançıların sosial müdafiəsinin təmin olunması, onların əməyinin layiqincə qiymətləndirilməsi prioritet məsələlərdən biri olub. Bu yanaşma idmançıların motivasiyasını artırmaqla yanaşı, gənc nəslin idmana marağını da gücləndirir.

Dövlət başçısının çıxışında ədalət prinsipinə xüsusi yer ayrılması təsadüfi deyil. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, hər şey ədalətli olmalıdır və Azərbaycanın idman şöhrətini ucaldan insanlar dövlət tərəfindən layiqincə qiymətləndirilməlidir. Bu fikir iqtidarın sosial ədalətə və əməyə verilən dəyərə əsaslanan siyasətinin bariz nümunəsidir. İdmançılar beynəlxalq arenada Azərbaycan bayrağını yüksəldir, ölkəmizin adını ucaldır və təbii ki, onların bu zəhməti dövlət səviyyəsində dəyərləndirilməlidir.

Prezidentin çıxışı bir daha göstərdi ki, Azərbaycanda idman siyasəti yalnız nəticələrə hesablanmayıb, eyni zamanda insan kapitalının inkişafına xidmət edir. Regionlarda idman qurğularının inşası, gənclər üçün yaradılan imkanlar, məktəb və uşaq-gənclər idman məktəblərinin fəaliyyəti bu siyasətin tərkib hissəsidir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən bu strategiya Azərbaycanın idman uğurlarını davamlı və sistemli hala gətirib.
2025-ci ilin idman yekunları mərasimi həm də Azərbaycanın gələcəyə baxışını nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı göstərdi ki, ölkə qarşıdakı illərdə də idman sahəsində beynəlxalq miqyasda söz sahibi olmağı qarşısına məqsəd qoyub. “Dünyanın İdman Paytaxtı” statusu bu yolun başlanğıcı deyil, davamıdır. Azərbaycan artıq sübut edib ki, böyük idman tədbirlərini yüksək səviyyədə təşkil etmək gücünə malikdir və bu istiqamətdə siyasi iradə tam şəkildə mövcuddur.

Nəticə etibarilə, Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı ölkəmizin idman strategiyasının uğurla həyata keçirildiyini, bu sahənin dövlət siyasətində prioritet yer tutduğunu bir daha təsdiqlədi. Bu çıxış həm idman ictimaiyyəti, həm də bütövlükdə cəmiyyət üçün mühüm mesajlar verdi: Azərbaycan güclü dövlətdir, idman sahəsində beynəlxalq nüfuza malikdir və bu uğurların arxasında güclü siyasi liderlik dayanır. Dövlətin idmançılara göstərdiyi diqqət və qayğı, Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi və ədalətli mükafatlandırma ənənəsi Azərbaycanın gələcəkdə də idman sahəsində zirvələri fəth edəcəyinə əminlik yaradır.

İslam Bafadarov,
Yeni Azərbaycan Partiyası, məsləhətçi

Oxşar Xəbərlər

Back to top button