
XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdular. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanat nəticəsində Kəlbəcər, Ağdam və Laçın rayonları döyüşsüz təhvil verildi. Bu razılaşma ilə Azərbaycanın ərazi bütövlüyü faktiki olaraq təmin edildi. Beləliklə, 30 illik işğala son qoyularaq yeni inkişaf mərhələsinin əsası qoyuldu.
Ərazilərin azad edilməsindən sonra Azərbaycan dövləti tərəfindən sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində azad olunmuş torpaqlarda müasir infrastrukturun qurulmasına başlanıldı.Bir çox mötəbər tədbirlər,zirvə görüşləri işğaldan azad olunan ərazilərimizdə keçirilməyə başlandı.
2025-ci il iyulun 4-də Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirildi.Bu görüş yalnız iqtisadi və diplomatik görüş deyil,eyni zamanda Qarabağın dönüş nöqtəsi idi. Uzun illər işğal altında qalan bir şəhərin indi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bütün xalqımız üçün qürur mənbəyidir. Azərbaycan artıq üçüncü dəfədir ki, ECO Zirvə görüşünə ev sahibliyi edir (2006, 2012 və 2025). Amma bu dəfə tədbirin Xankəndidə keçirilməsi xüsusi simvolik anlam daşıyır. Bu, Azərbaycanın öz torpaqlarına sahib çıxmasının, dövlət iradəsinin və bölgədə sülh quruculuğunun göstəricisidir. Zirvədə iştirak edən ölkələrin siyahısı da bu əhəmiyyətə güclü dəstəkdir. Cənab İlham Əliyevin geniş məzmunlu və hərtərəfli çıxışında səsləndirdiyi əsas məqamlar bu zirvəni daha da önəmli etdi:
İşğal dövründə yüzlərlə şəhər və kəndin, məscidlərin, qəbiristanlıqların, mədəni və dini abidələrin yerlə-yeksan edildiyi bildirildi. 67 məsciddən 65-nin dağıdılması, qəbir daşlarının talan olunması və torpaqlarımızın 1 milyondan artıq mina ilə çirkləndirilməsi diqqətə çatdırıldı.
“Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilən bərpa və yenidənqurma işləri haqqında məlumat verdi. İndiyədək 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub, 50 mindən çox insan artıq bu torpaqlarda yaşayır, çalışır və təhsil alır.
Zirvə həmçinin “ECO Həftəsi” çərçivəsində keçirilən forumlar (Şuşada Biznes, Ağdamda Gənclər, Laçında Qadınlar), Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində Azərbaycanın rolu və 350 milyard dollar sərmayə ilə iqtisadi nailiyyətləri gündəmə gətirildi.
Xankəndidə baş tutan ECO Zirvə görüşü Qarabağın bir zamanlar işğalın simvolu olduğu torpaqdan indi beynəlxalq əməkdaşlığın mərkəzinə çevrildiyini göstərdi.
Xəzər rayonu, 234 nömrəli məktəbin müəllimi
Kərimli Firuzə