AnalitikaGündəm

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Moskvanın qərarı ilə respublikamızda fövqəladə vəziyyət rejimi elan edilsə də, bu haqda əhali xəbərdar edilməmişdi. “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Lakin beynəlxalq hüququn bu mühüm tələbinə məhəl qoyulmamışdı.

Bu, Sovet İttifaqının dağılması prosesində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kremlin əl atdığı məkrli plan, öncədən planlaşdırılmış bəşəri cinayət idi. Yanvarın 19-da axşam saatlarında Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması və ölkənin ən böyük informasiya resursunun susdurulması mərkəzin məkrli niyyətinin anonsu oldu.

Bu hadisə nəticəsində respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu.

“Bakı əməliyyatı”na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki, yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər Hərbi Donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın  20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür.

Bu qanlı qırğın nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.

Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə” – Ulu Öndər hadisələrə bu cür qiymət vermişdi.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.

Bu hadisələrdən sonra Azərbaycana qayıdan Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.

Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Prezident Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət Başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir (hal-hazırda bu məbləğ 500 manat təşkil edir). Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

“Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyir.

Hər il yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Xalqımız öz istiqlalı uğrunda verdiyi qurbanları müqəddəs və uca tutduğu kimi, belə hadisələrin bir daha təkrarlanmaması, ölkəmizin yadelli qoşunların tapdağında qalmaması üçün dövlətçiliyimiz, onun qurucusu və qoruyucusu kimi hər zaman azadlıq, müstəqillik ideallarına sədaqətini nümayiş etdirir.

Gültəkin Rüstəmova,
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin direktoru

Oxşar Xəbərlər

Back to top button