
20 Sentyabr Azərbaycan tarixində xüsusi rəmzi məna daşıyan günlərdən biridir. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur və dövlətimizin suverenliyinin, xalqımızın milli iradəsinin təntənəsi hesab edilir.
Uzun illər ərzində işğal altında qalan bu torpaqlar separatizmin mərkəzinə çevrilmiş, xalqımız isə doğma yurdlarından didərgin düşmüşdü. Xocalıda baş verən dəhşətli soyqırımı Azərbaycan tarixində unudulmaz bir faciə olaraq yadda qalıb. Lakin dövlətin gücü, xalqın birliyi və Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində tarixi ədalət bərpa olundu. 2023-cü ilin oktyabrında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində ucaldıldı.
20 Sentyabrın bu şəhərlərin günü kimi qeyd olunması həm tarixi həqiqətlərin unudulmaması, həm də xalqımızın qürur mənbəyi olan qələbənin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu gün şəhidlərimizin ruhuna dərin ehtiramın ifadəsidir və eyni zamanda, Azərbaycanın güclü dövlət iradəsinin, ərazi bütövlüyünün və milli həmrəyliyinin rəmzidir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü həm də Azərbaycan xalqına xatırladır ki, birlik və qətiyyət sayəsində ən çətin sınaqlardan qalib çıxmaq mümkündür. Bu gün torpaqlarımızın azadlığını, bayrağımızın ucalığını və dövlətimizin möhkəmliyini təcəssüm etdirir.
20 Sentyabr hər bir azərbaycanlının qəlbində milli fəxarət, vətən sevgisi və gələcəyə inam hisslərini möhkəmləndirən unudulmaz tarix kimi daim yaşayacaq.
YAP Xəzər rayon təşkilatının gənc fəalı
Günay Məlikova