Analitika

20 Noyabr-Ağdam şəhəri günü

Ağdam rayonu — Azərbaycanda rayon. 8 avqust 1930-cu ildə yaradılıb. Sahəsi 1154 km², əhalisi 202200 olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır. Rayonun ərazisində XX əsrin 50-ci illərindən başlayaraq aparılan arxeoloji tədqiqat işləri zamanı məlum olmuşdur ki, Ağdamın ərazisi qədim insanların yaşayış məskənlərindən biridir. Tanınmış arxeoloq İdeal Nərimanovun Üçoğlantəpə deyilən yerdə apardığı arxeoloji tədqiqatlar zamanı aydın oldu ki, ilk qədim insanlar rayon ərazisində altı-səkkiz min il bundan əvvəl, yəni, Eneolit dövründə (e.ə. IV-VI minilliyi əhatə edir, “misdaş” dövrü adlanır) yaşamış, qədim əkinçilik və maldarlıq mədəniyyətinə bələd olmuşlar.

Erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı , 15 şərab zavod, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəbləri bu rayonda yerləşir.

27 il bu ağrı-acı ilə yaşadıq. Hər il o qara günü ürək ağrısı ilə yada saldıq. Çünki Ağdam Birinci Qarabağ müharibəsi zamanı hadisələrin episentri idi.Birinci Qarabağ müharibəsi zamanı Qəhrəman rayon adını alıb. Qarabağ döyüşlərində ən çox küçə döyüşləri aparılan rayon da Ağdam olub. Ağdam Birinci Qarabağ müharibəsində 6 mindən çox şəhid verən rayondur. Ağdam hər zaman düşmənə gözdağı olub.

Ağdamın şəhid sayı 6570 nəfər, Milli Qəhrəmanı 16 nəfər, döyüşlərdə iştirak edən ağdamlı sayı 40,000 nəfər, ağdamlı Qarabağ qazisi 4950 nəfər.

Qarabağ müharibəsinin ilk şəhidlərin Ağdam rayonu verib. 22.02.1988-ci ildə Əli Hacıyev və Bəxtiyar Quliyev.

Bütün  anım mərasimlərində bir arzumuz var idi – torpaqlarımız azad edilsin, işğal günləri tarixə qovuşsun, yalnız zəfər günlərimizi böyük təntənə ilə qeyd edək. Və o gün gəldi. Bu gün ağdamlılar üçün 23 iyul işğal tarixi yox, 20 noyabr Zəfər bayramı günü var.

Və İşğalçı Ermənistan Silahlı Qüvvələrinin Ağdamı tərk etməsi Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub.

Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti ilə bir güllə atılmadan düşmənin geri qaytardığı Ağdam indi yenidən quruculuğun baş meydanına çevrilib. İki il öncə  İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam üçün yeni dövrün başlandığını, rayonun bərpasının gələcək planlarda xüsusi yer tutacağını bildirmişdi: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. Əlbəttə ki, bunun üçün biz bütün işləri əsaslı şəkildə etməliyik. Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur”.
Şanlı qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamada da həyat yenidən canlanır. Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda hazırda böyük tikinti bumu yaşanır.

İşğaldan azad edildikdən sonra Prezident İlham Əliyev Ağdama 4 dəfə səfər edib. 2020-ci il 23 noyabr, 2021-ci il 28 may, 2022-ci il 13 fevral və 2022-ci il 4-5 oktyabr tarixlərində gerçəkləşən bu səfərlərin hər birində çox mühüm tarixi hadisələr yaşanıb. Prezident yeni-yeni layihələrin təməlini qoyub, açılışlar edib və rayon ictimaiyyəti ilə görüşərək Ağdamın gələcək ağ günlərindən söz açıb.

Bu gün Ağdam həqiqətən də cənnətməkana çevrilməkdədir. Bir il öncə, 2021-ci il mayın 28-də, Müstəqillik Günündə yeni Ağdamın təməl daşını qoyarkən Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi “Biz elə bir Ağdam quracağıq ki, bu, bütün dünya ölkələrinə örnək olsun” fikri düşmənin 27 il ərzində xarabalığa çevirdiyi Qarabağın giriş qapısı sayılan məkanın çox qısa zamanda yenidən cənnətməkana çevriləcəyinin nidası oldu.

Son olaraq onu da vurğulayaq ki, yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük yaşayış məskəninə çevriləcək.

Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir.

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Musayeva Dilarə,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button