
17 oktyabr tarixi Azərbaycan xalqının yaddaşında xüsusi yer tutur. Bu gün, 30 ilə yaxın işğal altında qalan Füzuli şəhərinin azad olunduğu gündür. 2020-ci ilin 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən biri olan bu gün həm hərbi zəfərin, həm də milli qürurun simvoluna çevrilmişdir. Füzuli rayonu Azərbaycanın Qarabağ bölgəsində yerləşən qədim və strateji əhəmiyyətə malik bölgələrdən biridir. Tarixi abidələri, zəngin mədəniyyəti və təbiəti ilə seçilən bu şəhər 1993-cü ilin avqust ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal zamanı Füzuli şəhəri və rayonun əksər kəndləri yerlə-yeksan edilmiş, tarixi-mədəni irs məhv edilmişdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı zəfərləri ilə yadda qaldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bir-birinin ardınca strateji yüksəklikləri və yaşayış məntəqələrini azad etdi. 17 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqı Füzuli şəhərinin və 7 kəndin işğaldan azad edilməsi xəbəri ilə sevindirdi. Bu, həm də düşmənin cəbhədəki müqavimətinin qırılmasının başlanğıcı oldu. Füzulinin azad olunması təkcə hərbi deyil, həm də simvolik və psixoloji üstünlük idi. Şəhərin azadlığı cəbhədə döyüşən əsgərlərimizə ruh verdi, xalqımızın birlik və gücünə olan inamını artırdı. Bu gün Füzuli yenidən dirçəlir, inkişaf edir və Qarabağın parlaq gələcəyinə doğru addımlayır.
Azərbaycan Respublikası Prezidentinin 2024-cü ildə imzaladığı sərəncamla 17 oktyabr – Füzuli şəhəri günü kimi qeyd olunur. Bu gün sadəcə bir coğrafi məkanın deyil, xalqımızın qələbəsinin, dözümünün və birlik ruhunun təntənəsidir. Bu gün münasibətilə ölkənin müxtəlif bölgələrində tədbirlər keçirilir, məktəblərdə, universitetlərdə və ictimaiyyət arasında vətənpərvərlik ruhu aşılanır, şəhidlər yad edilir və qazilərə ehtiram göstərilir.
Füzuli şəhərinin azad olunması Azərbaycanın tarixində dönüş nöqtələrindən biridir. 17 Oktyabr – Füzuli şəhəri günü xalqımızın iradəsinin, əsgər və zabitlərimizin qəhrəmanlığının, ölkə rəhbərliyinin uzaqgörən siyasətinin birgə təntənəsidir. Bu günü anmaq – azadlığa, torpağa və tarixə ehtiramın göstəricisidir.
Siyasət Həsənov,
YAP Xəzər rayon təşkilatının məsləhətçisi