AnalitikaGündəmSiyasət

15 Oktyabr – Qarabağın azad şəhərlərində Zəfər Bayrağının dalğalandığı gün

2023-cü il oktyabrın 15-i Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan günlərdən biri oldu. Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində şanlı üçrəngli bayrağımızı ucaltdı. Bəxtiyar Vahabzadənin sözləri ilə desək: “Bayraq mənliyimdir, bayraq kimliyim, bayraq öz yurduma, öz hakimliyim.” Bu misralar üçrəngli bayrağımızın mahiyyətini ən dolğun şəkildə ifadə edir. Bayraq xalqın varlığını, dövlətin suverenliyini və milli birliyimizi təcəssüm etdirir. Onun azad edilmiş şəhərlərdə ucalması sadəcə bir simvol deyil, həm də tarixi ədalətin bərpası, müstəqilliyimizin əbədi nişanəsidir.Bu, sadəcə rəsmi bir mərasim deyildi – bu, əsrlərin həsrətinin, nəsillərin arzusunun gerçəkləşdiyi, milli qürur və birlik hissimizin ən uca zirvəyə qalxdığı tarixi an idi.

Otuz ilə yaxın müddətdə xalqımız işğal altında qalan torpaqlarının azad olunacağı günü böyük səbirsizliklə gözləmişdi. Biz bu qalibiyyətə uzun illərdir ki ac idik.2020-ci il Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu arzunun gerçəkləşməsi yolunu açdı. Lakin Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalı idi. 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağda separatizmin qalıqları birdəfəlik aradan qaldırıldı. Ardınca Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfəri və orada Dövlət Bayrağını ucaltması Azərbaycanın suveren hüquqlarının əyani təsdiqinə çevrildi.

 

Xüsusilə Xocalı adı xalqımız üçün yalnız bir şəhərin yox, həm də ağır bir faciənin rəmzidir. 1992-ci ildə yüzlərlə günahsız insanın qətlə yetirildiyi Xocalıda bu gün Azərbaycan Bayrağının ucaldılması ədalətin gec də olsa təntənəsi idi. Hər bir Azərbaycanlı uzun illərdir ki bu günün xəyalı ilə yaşayırdı.Bu an təkcə şəhərin deyil, bütün millətin ruhunu dirçəldən bir hadisə oldu.Prezident İlham Əliyevin tarixi çıxışları həmin gün hər bir vətəndaşın qəlbində gur iftixar hissi oyatdı. Bu səfər və bayrağın ucaldılması göstərdi ki, Azərbaycan xalqı bir daha əsla işğalla barışmayacaq, dövlətimizin gücü və xalqımızın birliyi qarşısında heç bir qüvvə dayana bilməyəcək.

 

15 oktyabr 2023-cü il tarixi yalnız qələbə günümüzün davamı deyil, həm də yeni bir mərhələnin başlanğıcıdır. Bu gündən etibarən Qarabağda bərpa və quruculuq işləri daha sürətlə həyata keçiriləcək, şəhərlərimiz əvvəlki gözəlliyinə qovuşacaq. Dövlət Bayrağının ucalması həm də gələcəyə inamın, sabahımıza ümidin işığıdır.

Azərbaycan xalqı bu günləri heç vaxt unutmayacaq. Çünki Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dalğalanan üçrəngli bayrağımız yalnız torpaqlarımızın deyil, həm də milli ruhumuzun, qürurumuzun, birliyimizin əbədi rəmzi kimi qalacaq. Bu gün Qarabağın hər guşəsində bayrağımızın dalğalanması şəhidlərimizin qanının yerdə qalmadığını, xalqımızın birliyini və dövlətimizin gücünü təsdiqləyir. Onların mübarizəsi sayəsində bu gün Qarabağda azan səsi eşidilir, bayrağımız dalğalanır. Artıq hər bir azərbaycanlı əminliklə deyə bilir ki, “Qarabağ Azərbaycandır!”

Sevil Xanizadə,
Bakı Slavyan Universiteti
Sosial Elmlər və Regionşünaslıq Fakültəsi Jurnalistika ixtisası Aj-401

Oxşar Xəbərlər

Back to top button