15 İyun – Milli Qurtuluş Günü xalqımızın və dövlətimizin taleyində dönüş anı
XX əsr Azərbaycan xalqının tarixində xüsusi bir mərhələ təşkil edir. Bu əsrdə Azərbaycan xalqı iki dəfə — 1918-ci il mayın 28-də və 1991-ci il oktyabrın 18-də imperiya əsarətinə qarşı mübarizə nəticəsində milli azadlığına, dövlət müstəqilliyinə nail olub. Müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizdə milli barış və inkişaf dövrü başlandı. Daxili siyasətdə əldə olunan nəticələrə nəzər salsaq bunu əyani şəkildə görə bilərik. Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı, ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı, İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi,İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi, Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı, ordu quruculuğunda mühüm addımlar atıldı. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizdə enerji sahəsində də yüksək nailiyyətlərin əldə olunmasına başlanıldı. “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar, Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı. Sonralar ölkənin ali qanunvericilik orqanı xalqın ən müxtəlif təbəqələrinin arzu və istəklərini nəzərə alaraq ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü əbədiləşdirdi. 15 İyun – Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ilin 27 iyununda rəsmiləşdirildi. Bu inkişafın, bu tərəqqinin təməli isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu fəaliyyəti ilə müvəffəqiyyətlə davam etdirilir. Ulu Öndər digər sahələr kimi, ordu quruculuğunu da dinamik əsaslarla inkişaf etdirdi. Ordunun nizami ordu kimi formalaşmasında vahid komandanlığın olmaması, yerli müdafiə batalyonlarının məhəlli fəaliyyəti məğlubiyyətlərə şərait yaratmışdı. Ulu Öndər yerli müdafiə batalyonlarını ləğv etdi, orduda vahid komandanlıq yaradıldı. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.
Səba Rzayeva,
YAP-ın gənc fəalı