AnalitikaGündəmSiyasət

14 İyul – Azərbaycanın inkişaf tarixində dönüş nöqtəsi

Azərbaycanın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan 14 iyul 1969-cu il xalqımızın taleyində yeni inkişaf mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Məhz bu tarixdə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dəyişikliklərə yol açmış, ölkəmizin gələcək müstəqilliyi üçün möhkəm təməl formalaşdırılmışdır.
Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, yüksək idarəçilik bacarığı və milli maraqlara söykənən fəaliyyəti nəticəsində Azərbaycan qısa müddətdə keçmiş ittifaq məkanında ən dinamik inkişaf edən respublikalardan birinə çevrildi. Sənaye və kənd təsərrüfatının inkişafı, yeni istehsal müəssisələrinin yaradılması, elm və təhsilə göstərilən xüsusi diqqət, milli-mənəvi dəyərlərin qorunması və milli kadr hazırlığı sahəsində həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin gələcək uğurlarının əsasını təşkil etdi.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətləri təkcə həmin dövrlə məhdudlaşmır. Müstəqilliyimizin ilk illərində ölkənin üzləşdiyi ağır siyasi və iqtisadi böhran şəraitində xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan dahi lider dövlətçiliyimizi qoruyaraq sabitliyi bərpa etdi, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun əsasını möhkəmləndirdi. Onun müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, iqtisadi yüksəlişə nail oldu və müasir dövlət quruculuğunda mühüm uğurlar əldə etdi.
Bu gün ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətlərindən birinə çevrilmişdir. Təhsil, elm, gənclər siyasəti və insan kapitalının inkişafı istiqamətində həyata keçirilən islahatlar da Heydər Əliyev siyasi irsinin mühüm tərkib hissəsi olaraq davam etdirilir.
14 iyul tarixi yalnız bir rəhbərin vəzifəyə başlaması deyil, həm də müasir Azərbaycan dövlətinin inkişaf konsepsiyasının təməlinin qoyulduğu gün kimi böyük mənəvi və siyasi əhəmiyyət daşıyır. Bu tarix xalqımızın milli birlik, dövlətçilik və tərəqqi ideallarına sadiqliyini bir daha nümayiş etdirir.
Bu əlamətdar gün münasibətilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətlərini böyük minnətdarlıq hissi ilə anırıq. İnanırıq ki, dahi şəxsiyyətin zəngin dövlətçilik irsi bundan sonra da gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, ölkəmizin davamlı inkişafında və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində etibarlı ideya mənbəyi olaraq yaşayacaqdır.

Kamran Kazımov,
YAP Astara rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button