
12 noyabr-bu gün ölkəmizin müstəqil dövlətçilik tarixində ən mühüm hadisələrdən biri olan Konstitusiyamızın qəbulu günü kimi qeyd edilir. Konstitusiya dövlətin əsas qanunlar toplusudur. Vətəndaşların hüquq və azadlıqlarını elan edir və onlara zəmanət verir. Konstitusiya həm də dövlətin siyasi quruluşunu, hakimiyyətin təşkili prosesini, insanların hüquq və vəzifələrini müəyyən edən bir sənəddir.
1918-ci il mayın 28-də yaranmış və 23 ay davam etmiş, Şərqdə ilk demokratik respublika olmuş Azərbaycan Xalq Cumhuriyyəti dövründə Konstitusiya qəbulu mümkün olmadı. AXC 1920-ci il aprelin 28-də Sovetin hakimiyyəti altına düşdü. Azərbaycanda ilk Konstitusiyanın qəbulu da biz hələ SSR-nin tərkibində olduğumuz dövrə-1921-ci ilə aiddir. 1921-ci il mayın 5-də Bakıdakı Birinci Ümumazərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-nin ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiya RSFSR-nın 1918-ci il Konstitusiyasına əsaslanırdı və sosialist ideologiyasını əks etdirirdi. 1937-ci il Azərbaycan SSR-nin ikinci Konstitusiyası qəbul edildi. Əvvəlki Konstitusiyadan fərqli olaraq bu Konstitusiyada xalqın türk adı azərbaycanlı, türk dili isə Azərbaycan dili adlandırıldı. 1978-ci ilin aprelində Azərbaycan SSR-nin sonuncu-üçüncü Konstitusiyası qəbul edildi. Bu Konstitusiya 1995-ci ilə qədər qüvvədə qaldı.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Beləliklə Azərbaycan Sovetin təsirindən çıxmış müstəqil, hüquqi dövlət olmaq yolunda addımlamağa başlamışdır. Müstəqil Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri yeni Konstitusiyanın qəbul edilməsi idi. Bu yolda 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyevin xidmətləri danılmazdır. Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya hazırlamaq üçün Konstitusiya Komissiyası yaradıldı və 1995-ci il noyabrın 12-də referenduma çıxarıldı. Noyabrın 12-də keçirilən referendumda seçicilərin 86 faizi iştirak etdi və onlarn 91.9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası noyabrın 27-də qüvvəyə mindi.
Ulu Öndər Heydər Əliyev belə deyirdi: “Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.” Heydər Əliyevin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən noyabrın 12-i Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilmişdir. Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Konstitusiya Gününün ölkəmizdə təntənəli surətdə qeyd edilməsi tapşırılmışdır.
Zaman keçdikcə, dövrlər, sosial-siyasi reallıqlar dəyişdikcə qazanılan uğurların möhkəmləndirilməsi məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə dəyişikliklər edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24-cü maddəsində 29, 2009-cu il martın 18-də 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyanın 29 maddəsina daha 41 əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan Respublikasının dövlət müstəqilliyini daha da möhkəmləndirməklə bərabər həm də, xalqın azadlıq və hüquqlarının qorunmasına daha geniş təminat verməkdədir.
Konstitusiya həm dövlət orqanlarının fəaliyyətini həm də, vətəndaşların hüquq və vəzifələrini müəyyən edir. Azərbaycan Respublikasının Konstitusiyası demokratik prinsiplərə əsaslanaraq insan və vətəndaş hüquqlarının toxunulmazlığını təmin edir. Bu sənəd BMT-nin İnsan Hüquqları Bəyannaməsinə, Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Konstitusiyası həm dövlət orqanlarının fəaliyyətinə istiqamət verir, həm də hər bir vətəndaşın hüquqlarını müdafiə edir. Bu qanun Azərbaycanın dünyəvi, hüquqi və demokratik bir dövlət olduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev deyirdi: “Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərlərə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaratmışdır.”
2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi, 2023-cü il 19-20 sentyabrda uğurlu antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyü və bütün ölkə daxilində suverenliyimiz tam şəkildə bərqərar oldu. 2025-ci il Konstitusiyamızın qəbulunun 30-cu, Vətən müharibəsinin 5-ci ildönümünü nəzərə alıb prezident İlham Əliyev 2024-cü il 28 dekabr tarixli Sərəncam ilə 2025-ci ili Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik” ili elan etmişdir.
Mustafazadə Gülnar
Xəzər rayonu, 181 №li tam orta məktəbin tarix müəllimi



