12 noyabr Azərbaycan Respublikasının dövlətçilik tarixində ən önəmli günlərdən biridir. Bu gün Konstitusiya Günü kimi qeyd olunur və müasir dövlət quruculuğumuzun təməlini qoyan sənəd, Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyasının qəbul olunduğu gündür. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya, Azərbaycanın müstəqillik yolunda ən böyük nailiyyətlərindən biri oldu. Xalq öz iradəsini ortaya qoyaraq dövlətin necə qurulacağını, hansı prinsiplərlə idarə olunacağını, vətəndaş-hakimiyyət münasibətlərinin hüquqi əsaslarını müəyyən etdi.
Konstitusiya qəbul olunduğu gündən etibarən Azərbaycanın siyasi, sosial və hüquqi sisteminin əsasını təşkil edir.
Azərbaycan Respublikasının Konstitusiyası demokratik prinsiplərə əsaslanaraq, ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, xalq hakimiyyətini və dövlət müstəqilliyini möhkəmləndirir. O, həm də dövlətin idarəçilik sisteminin hüquqi əsaslarını müəyyən edir, vətəndaş cəmiyyətinin inkişafına, qanunun aliliyinə və ədalətə xidmət edir.
Azərbaycan Konstitusiyası insanı ali dəyər hesab edir. Qanunların məqsədi hakimiyyətə xidmət etmək deyil, insanı qorumaqdır. Bu gün Konstitusiyamız yalnız kitab səhifələrində deyil, azad olunmuş torpaqlarımızda yaradılan yeni həyatın hüquqi bazasında yaşayır. Qarabağa qayıdış, yeni şəhərlərin tikintisi, Böyük Qayıdış proqramı hamısı Konstitusiyanın təmin etdiyi dövlətçilik prinsiplərinə əsaslanır.
Bu gün Konstitusiya Günü sadəcə bir bayram deyil, həm də azərbaycanlıların dövlətinə və qanunlarına olan hörmətinin, vətəndaş məsuliyyətinin təcəssümüdür. Hər bir vətəndaş Konstitusiyanın ruhuna uyğun yaşamalı, onun prinsiplərinə əməl etməli və hüquqlarını qorumağı bacarmalıdır. 12 Noyabr xalqın iradəsinin, dövlətin gücünün və müstəqilliyimizin əbədiliyinin rəmzidir.
Qoy Konstitusiyamız daim xalqımıza xidmət etsin, Azərbaycanımızın rifahı, ədaləti və sabitliyi naminə yaşasın! Bu gün 12 noyabrda biz yalnız bir tarix xatırlamırıq. Biz dövlətçilik iradəmizin, vətəndaş olaraq söz sahibi olduğumuzun bayramını qeyd edirik.
Konstitusiya Gününüz mübarək olsun!
Qanunun aliliyi, dövlətçiliyimizin sarsılmaz dayağıdır!
Tünzalə Əliyeva
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.



