12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
“Tanıtdın dünyaya bütöv cahanı!”Bu cümlə səslənərkən ancaq bir sima xəyalımızda canlanır. Bu sima dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin simasıdır. Məhz onun uzaq görən siyasəti sayəsində bu gün Azərbaycan müstəqil ölkə kimi dünyada tanınır. Buna görə də xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. O yeganə siyasi liderdir ki, dünyanin ən görkəmli siyasət və dövlət xadimləri belə Heydər Əliyevlə məsləhətləşdiklərini, ondan öyrəndiklərini dönə-dönə etiraf etmişlər. Onlar bu dahi insanı “liderlərin lideri”adlandırırdılar. Onunla bağlı tarixi günlər dünyanın bir çox yerlərində qeyd olunur. Ümummilli liderliklə, dünya miqyaslı siyasətçi keyfiyyətlərinin bir adamda birləşməsinə bəşər tarixində nadir rast gəlinir.
Ulu öndər Heydər Əliyev bu iki ali keyfiyyəti özündə birləşdirməklə yanaşı fəaliyyət göstərdiyi bütün sahələrdə liderlik bacarığını da ən yüksək səviyyədə təsdiq etmişdir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Millətin məhəbbətini qazanmış ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir. Ona görə də O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider və xalq məhəbbətini qazanan öndər kimi qalacaqdır.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişdi. Onun əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədi məskən saldı. Xalqımızın böyük oğlu, əsl azərbaycanlı Heydər Əliyevin vəfatından illər ötsə də onun əziz xatirəsi həmişə Azərbaycan xalqinin qəlbində yaşayacaq və hər yerdə xalqımız tərəfindən hörmətlə yad ediləcəkdir! Dərin hörmət və ehtiramla anırıq!
Həsənova Kəklik,
Xəzər rayonu, 121 nömrəli məktəbin müəllimi