AnalitikaGündəmSosial

1 avqust tarixi “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan olundu

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev yalnız siyasi və iqtisadi sahələrdə deyil, milli-mənəvi dəyərlərin, ana dilimizin qorunması və inkişaf etdirilməsi istiqamətində də misilsiz xidmətlər göstərmişdir. O, dövlət dilinin – Azərbaycan dilinin statusunun möhkəmləndirilməsi, cəmiyyətin bütün sahələrində geniş tətbiqi, xalqın milli kimliyinin əsas rəmzi kimi dilin qorunması üçün daim cəsarətli və ardıcıl mövqe nümayiş etdirmişdir. SSRİ dövründə, xüsusən 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən sonra milli maraqların qorunması istiqamətində atdığı addımlar sırasında ana dilinin mövqeyinin gücləndirilməsi xüsusi yer tutur. O illərdə rus dilinin dominantlıq etdiyi bir dövrdə Azərbaycan dilinin ictimai həyatda daha geniş yer alması, məktəblərdə, ali təhsil müəssisələrində, mətbuatda, rəsmi yazışmalarda istifadə olunması üçün əhəmiyyətli qərarlar qəbul edildi. Bu, böyük siyasi cəsarət tələb edirdi. Çünki sovet imperiyası şəraitində milli dillərin inkişafı bəzən “separatizm” kimi qələmə verilə bilərdi. Heydər Əliyev Azərbaycan dilinə böyük sevgi və dərin ehtiramla yanaşırdı. O, dəfələrlə çıxışlarında vurğulayıb ki, xalqın dili onun milli varlığının əsas sütunlarından biridir. Ulu Öndər hesab edirdi ki, müstəqil Azərbaycan dövləti yalnız öz ana dili əsasında güclü ola bilər və bu dil dövlət idarəçiliyinin, təhsilin, mədəniyyətin və ictimai həyatın bütün sahələrinin əsasını təşkil etməlidir. 1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunun daha da möhkəmləndirilməsi üçün mühüm addımlar atdı. 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, təkcə hüquqi akt deyildi – bu, xalqın mənəvi və mədəni sərvətinə verilən yüksək dəyərin ifadəsi idi. Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il 18 iyun tarixində “Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanun dilin dövlət orqanlarında, təhsil və mətbuat sahəsində tətbiqini tənzimləməklə yanaşı, onun qorunmasını və inkişafını da təmin edirdi. Həmin il avqustun 9-da imzaladığı sərəncamla 1 avqust tarixi “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” elan olundu. Bu tarix həm latın qrafikalı Azərbaycan əlifbasına keçidin tamamlanması, həm də dilimizə göstərilən ehtiramın təcəssümüdür. Ulu Öndər həmçinin şəxsi nümunəsi ilə də Azərbaycan dilinin təbliğinə töhfə verirdi. Onun nitqləri, çıxışları, yazıları dilimizin zənginliyinin, ifadə imkanlarının nümayişidir. Onun danışıq tərzi – sadə, aydın, obrazlı və səlis Azərbaycan dili gənc nəsil üçün örnək olmuşdur. Heydər Əliyevin dövlət dili uğrunda apardığı mübarizə milli kimliyimizin qorunması, suveren dövlətimizin möhkəmlənməsi və gələcək nəsillərə sağlam mənəvi mirasın ötürülməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bu irs bu gün də Prezident İlham Əliyev və dövlət qurumları tərəfindən davam etdirilir və dilimizin dövlət dili kimi rolu daha da möhkəmləndirilir.

Murad Zeynalov
Yeni Azərbaycan Partiyası,Məsləhətçi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button