Analitika

Qurtuluşa gedən yol

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər.

1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.

Dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı 2 siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosialiqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.

Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi 3 daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Əliyeva Günel,
Xəzər rayonu, 183 saylı orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button