Əməkdaşlıq əlaqələrimizin tarixində əlamətdar hadisə
Prezident İlham Əliyev bildirib ki, İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ölkələrimiz arasında sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirir. Səfər ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması faktı əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq. Lakin, növbəti illərdə ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq. Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq.
Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.İrriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaqdır. Azərbaycan İsrailin müsbət təcrübəsindən istifadə etmək və ixrac bazarını şaxələndirmək niyyətindədir. Bu sahədə fəal təmaslara başlanılıb. Kibertəhlükəsizlik hər bir ölkənin milli təhlükəsizliyinin mühüm hissəsidir. Gənc nəslin təlimi və tədrisi də məqsədlərimizə nail olmaq və özümüzü təhlükədən qorumaq üçün mühüm amil olacaq.
Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. Həftədə yalnız dörd reys var və bu, yetərli deyil. Nümayəndə heyətlərinin üzvlərinə uçuşların sayının artırılması ilə bağlı göstərişlər verilmişdir. İsraildə daha çox təqdimat imkanları yaradılmalıdır.Yəhudi icması Azərbaycanda əsrlər boyu yaşayıb. Bu, bizim ölkənin böyük dəyəridir, yəhudi icmasının üzvləri – Azərbaycan vətəndaşları ölkəmizin müasir inkişafına çoxlu töhfə vermiş və töhfə verən insanlardır.Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.
Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var. Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir.
Şahsuvarov Səbuhi,
Xəzər rayonu, 292 nömrəli tam orta məktəbin müəllimi