Türkiyədə səfərdə olan YAP nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Xalqlar dostluğu diaspor təşkilatının toplantısı keçirilib
Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin iştirakı ilə Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar dostluğu diaspor təşkilatının toplantısı keçirilib.
Globalnews.az xəbər verir ki, görüşdə YAP nümayəndə heyətinin üzvləri ilə yanaşı, 5 ildir fəaliyyət göstərən dərnəyin türkiyəli üzvləri də iştirak ediblər. Tədbir hər iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri açıq elan edən təşkilatın sədri Lalə Həsənova iştirakçılara dərnəyin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Sonra diaspor təşkilatının nəzdində fəaliyyət göstərən “Vətən” milli rəqs qrupu çıxış edib. Daha sonra təşkilatın fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev və Milli Məclisin deputatları Ramil Həsən, Aydın Mirzazadə, Rəşad Mahmudov, Sevil Mikayılova Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq bağlarından söz açaraq bu qardaşlığın, birliyin əbədi və sarsılmaz olduğunu birdaha xatırladıblar.
Bununla da Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Antalyaya səfəri başa çatıb.