Türkiyədə müxalif koalisiya ciddi uğur qazana bilməyəcək
“Tarixdə bir çox nümunələr göstərmək olar ki, sırf mövcud iqtidarı devirmək üçün formalaşdırılan koalisiyalar hər hansı seçkidə qalib gəlsə belə sonrakı mərhələdə mütləq şəkildə hakimiyyət böhranından qurtula bilmir. O tip koalisiyalar ən yaxşı sosial-iqtisadi proqramları həyata keçirsə də yenə böhran qaçılmaz olur. Çünki, koalisiyada birləşən hər bir siyasətçinin müəyyən ambisiları var və gec-tez o, bunu tələb olaraq dilə gətirəcək. Nəticədə siyasi böhran qaçılmaz olacaq. Hər şeydən əvvəl bu tip şərtlər əsasında yaranan birliklər daxilində mübarizə aparmaq istəyən liderlər bununla öz legitimliyini şübhə altına alır.”
Bunu “Globalnews.az”a açıqlamasında siyasi ekspert Əli Babazadə deyib.
Əli Babazadə Türkiyədə keçiriləcək seçkilər haqqında danışarkən bildirib ki, Burada iki əsas blok var və onlar arasında böyük bir fərq var:
“R.T. Ərdoğanın ətrafında birləşən fərqli siyasi qüvvələr seçkidən sonra xüsusi bir söz haqqı istəmirlər. Bəs Kılıçdaroğlunda necədir?
Hələ Millət İttifaqının vahid namizədi açıqlanmamış onların ittifaqı daxilində ciddi fikir ayrılıqları mövcud idi. M. Akşenerin vahid namizəd məsələsindəki qəti etirazı və s. Demək müxalif blokda fərqli məqsədlər üçün müvvəqqəti birlik var. Seçkidən sonra bu blokun hər hansı üzvü istədiyini reallaşdıra bilməsə tez bir zamanda böhran başlayacaq.
Nümunə üçün İsraildə 2021-ci il seçkilərini misal göstərə bilərik. Netanyahudan sonra böhran o qədər dərinləşdi ki, Bennet höküməti vəziyyəti idarə edə bilmədi və təxminən bir il sonra növbədənkənar seçkilərdən sonra Netanyahu üzərində məhkəmə iddiası ola-ola öz hökümətini qura bildi.” -deyən Əli Babazadə əlavə edib ki,
Seçki nəticələri haqqında proqnozlara gəlincə isə hər hansı sorğu və ya mitinq görüntüləri əsasında bu barədə konkret fikir bildirmək əsassızdır: “2018-ci il seçkilərini xatırlasaq təxmini eyni görüntü var idi. Muharrem İnce R.T. Ərdoğandan 3 dəfə çox mitinqlər keçirmişdi və sorğularda kifayət qədər populyar idi, amma yekun mərhələdə türk xalqının qərarı sandıqdan çıxdı”.