Gündəm

Xəzər rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

10 may tarixində Xəzər rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Globalnews.az xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə və idarə – müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, gənclər, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçılar əvvəlcə Xəzər Rayon İcra Hakimiyyətinin binası önündə ucaldılmış Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.

Mərdəkan Mədəniyyət Sarayında davam edən tədbirdə rəsmi qonaqlara ilk öncə sarayın foyesində Ulu Öndər Heydər Əliyevin Xəzər rayonuna olan səfərlərini əks etdirən fotoşəkillərin nümayişi olub.

Daha sonra Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin böyük, mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi  haqda geniş məruzə ilə çıxış edib. 

E.Salahov məruzəsində qeyd edib ki: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir”

İcra başçısı çıxışında həmçinin vurğulayıb ki: “Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq qalaraq Ulu Öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla çalışmalıyıq.

 Geniş çıxışdan sonra Ulu Öndər H.Əliyevə həsr olunmuş “Əsrin adamı” sənədli filminin nümayişi olub.

Daha sonra tədbir iştirakçıları Fəxri Xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri qoyub əziz xatirələrinə ehtiramlarını bildiriblər.

Tədbirlərin davamı olaraq Mərdəkan qəsəbəsi, Heydər Əliyev adına istirahət parkında respublikanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə bədii musiqili konsert proqramı və möhtəşəm atəşfəşanlıq keçirilib.

Oxşar Xəbərlər

Back to top button