Ulu öndərin ömür yolu Vətənə və xalqa xidmət nümunəsidir

Bəşər mədəniyyəti tarixinin araşdırılması sahəsində əldə olunan nəticələr sübut edir ki, insanların mənəviyyatı, əxlaqi təsəvvür və görüşləri, adət-ənənələri ilə bağlı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycan xalqına da tale belə bir zənginlik qismət etmişdir.
Hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Hər hansı bir ölkədə xalqın milli-mənəvi dəyərlərinin qorunması və mədəniyyətinin inkişaf etdirilməsi vətəndaşların milli birliyinin təmin olunmasına xidmət edir.
Ümummilli liderimiz Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə çalışmışdır. Eyni zamanda, Ulu Öndər gənclərimizi xalqımızın milli-mənəvi dəyərləri, milli əxlaq prinsipləri əsasında tərbiyə etməyi tövsiyə edirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.
Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, onun daha da təkmilləşdirilməsində doğma dilimizin müstəsna rol oynadığı şübhəsizdir. Bu vacib amili nəzərə alan ulu öndər Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdu. Ulu öndər Heydər Əliyev müstəqillik illərində gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, xalqımızın milli-mənəvi irsini özündə yaşadan azərbaycançılıq ideyasının da təşəkkül və inkişafına diqqət yetirirdi. O, azərbaycançılığı milli bir ideologiya kimi irəli sürür və milli-mənəvi dəyərləri bu ideologiyanın ən mühüm istiqamətlərindən və tərkib hissələrindən biri kimi qiymətləndirirdi. Onun vaxtilə söylədiyi və bütün dünya azərbaycanlıları üçün həmişə bir fəaliyyət devizi olacaq bu fikri nə qədər dərin və mənalıdır: “Hər bir azərbaycanlı mənsubiyyətinə görə qürur keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq”. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir. Milli dəyərlərimizə dərindən bələd olan Ümummilli Liderimiz xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərində onlara harada yaşamalarından asılı olmayaraq azərbaycançılıq ideologiyasına sadiqliyi, xalqımıza xas olan adət-ənənələrimizi yaşatmağı, təbliğ etməyi tövsiyə edirdi: “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycandır. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq azərbaycançılığını, öz dilini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.
Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti səfərbər edərək onu düzgün yola istiqamətləndirdi. Bu gün 90-cı illərin çətinliklərini artıq geridə qoymuşuq. Biz müasir Azərbaycan dövlətinin inkişafında yeni mərhələ yaşayırıq. Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu Prezident İlham Əliyev inamla və sədaqətlə davam etdirir.
Ümummilli lider Heydər Əliyev həmişə həm müdrik el ağsaqqalı, həm də təcrübəli dövlət başçısı kimi cəmiyyətimizin mənəvi əsaslarını təşkil edən ümdə prinsiplər və onların qorunub inkişaf etdirilməsi istiqamətləri barədə çox dəyərli fikirlərini xalqla bölüşmüşdür. Belə bir ünsiyyətin fərqləndirici əlaməti onun rəsmiyyətdən uzaqlığı, Ulu Öndərin cəmiyyətin sadə üzvləri ilə daim təmasda olması, həmişə xalqa bağlılığı ilə şərtlənirdi.
Azərbaycan cəmiyyətinin ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi kimi vahid məqsəd ətrafında birləşdirilməsi, onun mübariz ruhunun təşkilatlandırılması və istiqamətləndirilməsi, mənəvi potensialının üzə çıxarılması üçün ulu öndər Heydər Əliyevin istinad etdiyi ən qiymətli meyar və nümunələrdən biri xalqın hərbi və qəhrəmanlıq tarixi idi. Bu tarixi o, keçmişimizdən miras qalmış zəngin və ibrətamiz bir sərvət kimi qiymətləndirir və ölkənin müdafiəsinin təşkilinin müxtəlif məsələləri ətrafında etdiyi çıxışlarında hər bir vətəndaşı da bu tarixə tapınmağa çağırırdı. Ölkə rəhbərinin fikrincə, bu tarix Azərbaycan xalqının Vətənə, torpağa bağlılıq, Vətənə sevgi tarixi idi və bu tarixə sədaqət əldə edilmiş müstəqilliyin həmişəyaşarlığına real zəmin yarada bilərdi. Məsələn, Azərbaycan xalqının ümummilli lideri bildirirdi: “Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissidir. Güman edirəm ki, xalqımızın tarixi ənənələrimizi, keçmişimizi yada salaraq Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir”. Başqa bir çıxışında ulu öndər Heydər Əliyev “Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlmişdir və daha da canlanacaqdır”, – deyirdi. Onun belə bir fikri də vardır: “Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır”.
Ulu öndər Heydər Əliyevin ordu quruculuğunda irəli sürdüyü tələblərə onun bu istiqamətdəki təşkilatçılıq qabiliyyəti və işgüzarlığı nümunə idi. Məsələn, təkcə 1993-1998-ci illər ərzində ulu öndər Heydər Əliyev tərəfindən ordu quruculuğu məsələləri ilə bağlı 109 müşavirə, iclas və görüş keçirilmişdi. Həmin tədbirlərdə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qarantı olacaq möhkəm ordu formalaşdırılmasının ən müxtəlif məsələləri və vəzifələri müzakirə edilmiş, əldə olunmuş qərarlar Müdafiə Nazirliyinin və digər müvafiq dövlət strukturlarının fəaliyyətinin əsasını təşkil etmişdi. Ordu quruculuğu məsələlərinə dövlət rəhbərliyinin qayğı və tələbkarlığının artırılması, bu istiqamətdə görülən işlərin sistemləşdirilməsi və təkmilləşdirilməsi Silahlı Qüvvələrin formalaşmasına da müsbət təsir göstərirdi.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə sübuta yetirən Prezident İlham Əliyev regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi, eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərlərinin ən qüdrətli mühafizəçisi kimi görürük.
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir. Azərbaycanın mədəniyyət inciləri olan muğamın, aşıq musiqisinin, xalçaların YUNESKO-nun mədəni irs siyahısına daxil edilməsində Heydər Əliyev Fondunun xidmətləri danılmazdır. Bundan əlavə, nadir təbiət nümunələrinin, arxeoloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin dövlət tərəfindən mühafizə edilməsi, muzeylərin yaradılması və təmir-bərpa işlərinin aparılması Azərbaycan milli-mədəni irsinin qorunmasında dövlətin gördüyü işlər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir. Azərbaycanın müstəqilliyinin əbədi, dönməz olmasında, iqtisadi potensialının möhkəmlənməsində, bölgədə və dünyada nüfuzunun artmasında onun müstəsna xidmətləri var. Hazırda bu siyasət davam etdirilir. Bu gün ulu öndər Heydər Əliyev bizimlə deyil, ancaq onun siyasəti yaşayır, onun qurduğu müstəqil Azərbaycan yaşayacaqdır”.
Atayeva Gülarə,
Xəzər rayonu, 324 nömrəli tam orta məktəbin direktoru