Siyasət

Murat Baybatur: YAP nümayəndə heyətinin səfəri Türkiyə üçün xüsusi önəm daşıyır

Mayın 8-də Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Ədalət və İnkişaf Partiyasının (AK Parti) Manisadan olan millət vəkili Murat Baybatur ilə görüşüb.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Türkiyə-Azərbaycan münasibətlərinin bu gün ən yüksək səviyyədə olduğunu bildirib. Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sayəsində Türkiyə-Azərbaycan əlaqələri hazırda bütün dünya üçün nümunəyə çevrilib. Qardaşlığımızın sarsılmaz və əbədi olduğunu deyən Sadiq Qurbanov Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsində Türkiyənin ölkəmizə mənəvi dəstəyinin böyük rol oynadığını diqqətə çatdırıb.

Sonra çıxış edən Murat Baybatur bildirib ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin səfəri Türkiyə üçün xüsusi önəm daşıyır. Səfər qardaşlığımızı və həmrəyliyimizi nümayiş etdirir. Qeyd olunub ki, ölkələrimiz arasında həyata keçirilən uğurlu layihələr beynəlxalq səviyyədə də əlaqələrimizi dərinləşdirib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qardaş ölkənin texnoloji sahədə qazandığı nailiyyətlərdən danışıb. O, qardaş ölkənin hərbi sahədəki uğurlarına Azərbaycanın da sevindiyini vurğulayıb.

Sonda hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, YAP-ın nümayəndə heyətinə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Milli Məclisin deputatları İmamverdi İsmayılov, Malik Həsənov, Mahir Abbaszadə və YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov daxildir.

Oxşar Xəbərlər

Back to top button