Təlatümlü tarixi dövrdə xalqın son ümid ocağı
XX əsrin 20-ci illərində itirilən müstəqillik, milli azadlıq arzusu yenidən alovlanmalı idi. Tarixi inkişaf bu imkanı XX əsrin 90-cı illərində bir fürsət kimi xalqımızın qarşısına çıxartdı. İmperiya siyasətinin qurbanına çevrilən torpaqlarımız bu illər ərzində böyük itkilərlə üzləşdi. İkili siyasət, milli kimliyə qarşı çevrilən təhdidlər həm maddi, həm də mənəvi itkilərə səbəb oldu. Beləliklə SSRİ rəhbərliyinin imperiya siyasətinə və ermənipərəst mövqeyinə etiraz əlaməti olaraq, Azərbaycan xalqı azadlıq hərəkatına qalxdı. Xalqımızın müstəqillik əzmini qırmaq üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeridildi. Beləcə 20 yanvar qanlı qırğını törədildi. Bu hadisənin siyasi meydanda qiymətləndirilməsi böyük cəsarət istəyirdi. Azərbaycan xalqının taleyinə biganə qala bilməyən Heydər Əliyev özünün və ailə üzvlərinin həyatının təhlükədə olmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar ilə əlaqədar bəyanat verdi.
Əsrlər ərzində ermənilər tərəfindən düşünülmüş məkrli planın həyata keçirilməsi üçün uyğun şərait yaranmışdı. Ölkədəki qeyri-sabit vəziyyət, dövlətin idarəsinin doğru şəxslərin əlində olmaması ermənilərin qara niyyətlərini gerçəkləşdirməsinə şərait yaratmışdı. Bu səbəbdən idi ki, 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və yeni əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdı. Həmin dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikası üçün də ciddi təhlükələr yaranmışdı. Məhz belə bir ağır zamanda Heydər Əliyev xalqının yanında olmaq üçün Bakıya gəlsə də, ovaxtkı hakimiyyətin təzyiqi nəticəsində doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Azərbaycanın müstəqilliyə gedən yolda ilk addımları məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda atıldı.
1990-cı ildə Heydər Əliyevin siyasi fəaliyyəti xalqımızın gələcək müstəqilliyinin təminatına çevrildi. 20 yanvar hadisələrinə münasibəti baş verən qanlı qırğının ertəsi günü bildirməsi xalqına, millətinə qarşı göstərdiyi sevgisinin bariz nümunəsi idi. Azərbaycanda dəyişən siyasi vəziyyətlə əlaqədar 1990-cı il iyulun 20 Moskvadan Bakıya qayıtdı. Təəssüf ki, həmin dövrdə dövlətə rəhbərlik edən siyasi güclər onun Bakıda qalmasına imkan vermədi. Heydər Əliyev öz doğma yurdu Naxçıvana üz tutdu. Bu vaxt Naxçıvan üçün də siyasi vəziyyət o qədər də ürəkaçan deyildi. Sentyabrın 30-da Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə Naxçıvandan deputat seçildi. Müstəqil Azərbaycan üçün fəaliyyəətinə Naxçıvanda başladı. Həmin ilin 17 noyabrda Heydər Əliyevin sədrliyi ilə 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin 1-ci sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qərarlar qəbul edildi. Bu qərarlarla muxtar respublikanın adından “sovet”, “sosialist” sözləri çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Beləcə Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin varisliyini davam etdirərək xalqımızın milli kimliyinin qoruyacaq dövlətimizin varlığını təminat altına aldı. Ardınca 1990-cı il 21 noyabr. Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin işləyib hazırladığı “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul etdi. 1991-ci il 30 avqustAzərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında “Azərbaycanın müstəqillik Bəyannaməsi” ilə bağlı çıxış etdi. Həmin ilin 19 oktyabrda Azərbaycan Respublikası Ali Sovetinin sessiyasına teleqram göndərərək dövlət müstəqilliyinin elan edilməsini böyük milli sərvət kimi dəyərləndirdi, bu münasibətlə bütün Azərbaycan xalqını təbrik etdi. 1991-ci il 16 dekabr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında tarixi qərarını imzaladı. 1992-ci il 21 noyabr Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçildi. Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan xalqının dövlətçilik tarixində mühüm rol oynadı.
Gərgin siyasi dövrdə blokada şəraitində olan Naxçıvanın iqtisadi problemlərinin həllinə böyük diqqət yetirilmiş, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı, Naxçıvanı Türkiyə ilə birləşdirən “Ümid körpüsü” inşa edildi. Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi Ali Sovetin sessiyalarında fəal iştirak edən Heydər Əliyev elə birinci sessiyadakı (1991, fevral) çıxışında Vətənin ağır və çətin dövründə xalqın dərdinə şərik olmağa, vətəndaşlıq borcunu yerinə yetirməyə, müstəqillik uğrunda mübarizəyə qoşulmağa gəldiyini bəyan etdi.
SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinə qarşı çıxan Heydər Əliyev bu barədə qətiyyətli mövqeyini bildirdi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda referendum boykot edildi, rus sovet qoşun hissələri buradan çıxarıldı, 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verildi, Kommunist Partiyasının Naxçıvandakı bütün strukturları ləğv olundu. Həmin dövrə nəzər yetirəndə Naxçıvanın erməni siyasətinin məkrli planlarındakı hədəflərdən biri olduğunu görürük. Bu səbəbdəndir ki, Heydər Əliyevin Naxçıvanı qorumaq üçün atdığı addımlar həyatı əhəmiyyət daşıyırdı. Beləliklə Ulu Öndər Heydər Əliyev Naxçıvanı erməni işğalından qorudu. Muxtar respublikanın iqtisadi-sosial blokadadan çıxarılması üçün ilk addımları atdı.
Mənzər Ağabəyova,
Xəzər rayonu, 156 nömrəli tam orta məktəbin müəllimi