Analitika

Prezident İlham Əliyevin Qazaxıstana rəsmi səfərinin mühüm məqamları

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionda digər türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərləri ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Azərbaycan-Qazaxıstan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni əlaqələr əsrlərə söykənir. Azərbaycan və qazax xalqları türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 10 aprel Qazaxıstan səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər, həmçinin dövlət başçılarının mətbuata bəyanatlarla çıxış etməsi xüsusi əhəmiyyətlidir. Ölkə başçılarımızın sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir. Həmçinin ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafına və daha da güclənməsinə xidmət edir. Aprelin 10-da Astanada prezidentlərin iştirakı ilə Heydər Əliyev küçəsinin təntənəli açılış mərasiminin keçirilməsi də həm qardaşlığımızın, həm də qazax xalqının Ulu Öndərimizin əziz xatirəsinə dərin ehtiramının ifadəsidir. Mərasimdə Qazaxıstan Prezidenti bildirib ki, Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkşafında və möhkəmlənməsində Heydər Əliyev çox qiymətli töhfələr verib: “Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur. Astanada onun adını daşıyan yeni küçəni açmaqla biz bu nəcib işə mühüm töhfə veririk. Bu, Azərbaycan xalqının böyük oğluna bizim səmimi münasibətimizin və ehtiramımızın əlamətidir”. Azərbaycan Prezidenti İlham Əliyev isə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə bu cür münasibətə, dostluğa, qardaşlığa görə Qazaxıstanın dövlət başçısına və xalqına təşəkkür edərək vurğulayıb: “Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. O, qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir”.                                        

Ölkə başçımız çıxışında digər bir mühüm məqama toxunaraq Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin tikilməsini yüksək qiymətləndirmişdir. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı bu məqamı da xüsusi qeyd etdi ki, “Biz həqiqətən ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığı dərinləşdirmək və genişləndirmək əzmindəyik. Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir”.                                                                                

Cənab İlham Əliyev çıxışında bu mühüm məqamı da vurğulamışdır: “Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Hazırda dünyada, o cümlədən, Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər regional təhlükəsizliklə bağlı məsələlər, həmçinin, nəqliyyat, logistika, energetika, ekologiya, humanitar əməkdaşlıq, mədəniyyət və digər sahələr üzrə əlaqələri daha da möhkəmləndirmək zərurətini yaradır. Son illərdə Qazaxıstan ilə Azərbaycan arasında münasibətlər daha da dərinləşmişdir. Prezident İlham Əliyev çıxışında daha bir vacib məqamı qeyd edərək bildirdi ki, “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur. Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır. Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”. Azərbaycan bütün platformalarda sülhün və təhlükəsizliyin təmin olunması, münasibətlərin normallaşması üçün fəal iş apardığını bəyan edir və bunu real addımlarla göstərir.                                                    

Beləliklə, Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətlə inkişaf edir. Bu münasibətlər nəinki ölkələrimizin, bütün Türk dünyasının maraqlarına uyğundur. Hər iki dövlət Xəzər hövzəsi regionunda təhlükəsizliyin möhkəmlənməsinə, əməkdaşlığın dərinləşməsinə öz töhfələrini verir. Bütün bunlar göstərir ki, ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və uğurla davam edəcəkdir.

Vəfa Məmmədova,
Xəzər rayonu, R.M.Sadıqov adına 136 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button