Azərbaycan Mərkəzi Asiyada önəmli tərəfdaşdır
Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan Respublikasının çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda Qazaxıstanla münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Etiraf etmək lazımdır ki, Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli faktorlar – geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır. Azərbaycan və Qazaxıstanın materikin əsas geosiyasi bölgəsi olmaları xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin formalaşdırdığı geniş və güclü əməkdaşlıq platforması regionda dinamikliyi, enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və bu daşıyıcıların dünya bazarlarına çıxarılması məsələsində, Xəzərin hüquqi statusu kimi mövzularda oxşar mövqedən çıxış edərək, dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı alternativ tərəfdaş kimi diqqəti cəlb edir. Münasibətlərin dərinləşməsinə hər il bir çox iqtisadi komponentlərin əlavə olunması Qazaxıstan-Azərbaycan əməkdaşlığına impuls verir, yeni seqmentlər qatır.
Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq üzrə müştərək hökumətlərarası komissiyanın fəaliyyəti ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafına böyük töhfələr verirərək ümumi inkişafa zəmin yaradır.Azərbaycana ixracın artımı buğda, neft və neft məhsulları, elektrik dəmir yolu lokomotivləri, relslər və s. kimi malların tədarükünün artması ilə əsaslandırılır. Eyni zamanda, təraş məhsulları, dezodorantlar, yol və tikinti texnikası, boru kəmərləri üçün fitinqlər və s. kimi malların ixracında azalma müşahidə olunub. Azərbaycandan isə Qazaxıstana idxalın artımı xüsusi təyinatlı üzən avadanlıqlar, etilen polimerlər, su, o cümlədən mineral, qazlı və şəkərli suyun, qoz-fındıq, borular, qara metallardan hazırlanan borular və profillər, kruiz və ekskursiya gəmiləri, bərə və sərnişinləri daşımaq üçün nəzərdə tutulan digər nəqliyyat vasitələri və s. kimi malların idxalının artması ilə əsaslandırılır. Azərbaycan get-gedə daha böyük geosiyasi və geoiqtisadi əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunda Qazaxıstanın əsas tərəfdaşlarındandır. Hər iki dövlət istər regional, istərsə də beynəlxalq xarakterli bir çox məsələlərdə oxşar mövqe tuturlar. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İKT, EKO, MDB və Türkdilli Dövlətlər Başçılarının Forumu çərçivəsində iki ölkə arasında sıx əməkdaşlıq qurulub. Qazaxıstan həmişə Dağlıq Qarabağ probleminin dinc, siyasi vasitələrlə həllinə tərəfdar çıxıb. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir.
Xarici siyasətdə iki ölkənin də iştirak etdiyi aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edilir. İyun ayında Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər və nəqliyyat nazirlərinin görüşü oldu. Bu, çoxtərəfli əməkdaşlığın yeni formatıdır və bu əməkdaşlığın böyük perspektivləri var. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Bu səfər iki ölkə arasındakı münasibətlərin gələcək inkişafı üçün çox böyük əhəmiyyət kəsb edəcək.
Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı