Analitika

Ulu Öndər Heydər Əliyev və Ordu Quruculuğu

Müstəqil Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ordusunu müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır.

1991-ci ilin sonlarında öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan çox çətin durumla üzləşmişdi. Müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi. İqtidarda olanların yaratdığı xaos, özbaşnalıq, hərcmərclik müstəqilliyimizi təhlükə qarşısında qoymuşdur. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirirdi. 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. 1994-cü il mayın 12-sində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi.

Xalqın xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev ordu quruculuğunun səmərəliliyinə nail olunmasının başlıca şərtlərindən birini xalqın qüvvəsinə arxalanmaqda, xalqla vəhdətdə görürdü. O, xalqın gücü qarşısında hər cür qüvvənin sönük olduğunu təsdiq edir və öz fəaliyyətinə də etimadında görürdü. Yeni ordunun formalaşdırılmasının başlıca şərtlərindən biri də Heydər Əliyev tərəfindən bütün xalqın bu işə cəlb edilməsi idi.

Ümummilli lider bu barədə hərbiçilərlə keçirilən görüşlərin birində demişdir:
“Ordu xalqın bir hissəsidir, xalqla ordunun birliyi həmişə dövlətin də qüdrətini təmin edir, orduya daha çox güc verir, xalqın da öz ordusuna daha çox etibar etməsinə əsas verir.”

Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlandı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Azərbaycan ordusu qısa müddət ərzində böyük inkişaf yolu keçərək Qafqazın ən güclü qüvvəsinə çevrildi. Ulu Öndərin müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz əzmi ordu quruculuğuna xüsusi bir önəm verirdi. Ulu Öndər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti ilə görüşdə demişdir: “Müstəqillik dövründə qazandığımız ən mühüm nailiyyətlərdən biri milli ordumuzun yaradılması olmuşdur.”

Heydər Əliyev Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas etdi, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaratdı. İnsanlarda orduda xidmətə yeni bir münasibət yarandı. Ordunun xalqın bir parçası olmasının real anlamı cəmiyyətdə bərqərar oldu.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələr daha da modernləşdirilir, ən son hərbi texnologiyalar orduya cəlb edilir. Təsadüfi deyil ki, Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycan Ordusu indi dünyanın ən güclü orduları sırasında özünə yer alıb.

Mirxasov Alim,
Xəzər rayonu, 230 nomrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button