Analitika

Diaqnostika və müalicə üzrə görkəmli alim və oftalmoloq

Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatırdı: ailəsinə, övladlarına, vəhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara…

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının yolunu davam etdirməyi, gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə həmin institutu əla qiymətlərlə bitirir. Oftalmologiya peşəsinə yiyələnmək arzusu isə gənc mütəxəssisi Moskva şəhərinə aparıb çıxarır və o, Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda ikiillik ixtisasartırma kursu keçərək həkim-oftalmoloq ixtisasına yiyələnir.

Zərifə xanım ilk növbədə həkim idi, bu peşəni çox uca tuturdu.Həkimi günəşə bənzədərək deyirdi: ”Həkim insanlara günəş qədər lazımdır”.

Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqat aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi. Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan geri qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. O, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər teapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi.

Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya“ və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası“ kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O həmin mükafata layiq görülən ilk qadın alim idi.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədrinin müavini, “Bilik” Cəmiyyəti idarə heyətinin üzvü və keçmiş ittifaqın oftalmoloqların Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyeva bir sıra orden və medallara laiq görülmüş, Azərbaycanın Əməkdar Elm Xadimi adını almışdır.

Bir-birindən dəyərli 150dən çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin və dərs vəsaitlərinin müəllifi olan, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan Zərifə Əliyevanın açdığı yol ildən ilə genişlənir, zəngin irsi, pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir və neçə-neçə tədqiqat əsərinin mövzusuna çevrilir.

Zərifə xanım Əliyeva ömürnün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi, Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol- qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsaərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.

Muradova Tavat,
Xəzər rayonu, 149N-li məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button